Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib

Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib backend

Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib.

APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Federal Penitensiar Xidməti müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Navalnının cəzasını çəkdiyi Yamal-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında gəzintidən sonra halı pisləşib, o, huşunu itirib.

“Navalnıya bütün lazımi tibbi yardımlar göstərilib, lakin müsbət nəticəsi olmayıb. Həkimlər məhbusun ölüm faktını qeyd ediblər”, - Federal Penitensiar Xidmətin məlumatında qeyd olunub.

Onun ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, Aleksey Navalnı 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayıb.

Hazırkı dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi tanınan Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.

20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyi iddiasını irəli sürüb. 2020-ci ilin avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdiriblər.

Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası verib.

Navalnı sonuncu dəfə Moskvanın Lefortovski Rayon Məhkəməsində dələduzluq və məhkəməni təhqir etmək ittihamı üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Diaspora