NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukraynaya dəstək Alyansın təhlükəsizliyinə sərmayədir.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Rusiyanın cəbhədə hücum cəhdlərinə baxmayaraq, Ukrayna hələ də həm döyüş meydanında, həm də iqtisadi cəhətdən müəyyən uğurlara malikdir. O, Ukraynanın ərazilərin azad edilməsində, Qara dənizə taxıl ixracı üçün dəhliz açılmasında və suveren, müstəqil dövlət kimi sağ qalmaqda mühüm nailiyyətlər əldə etdiyini qeyd edib.
"Rusiya müharibə yolu ilə əldə etmək istədiyini itirdi: bu, Ukrayna üzərində nəzarətdir. Ukraynanı dəstəkləmək xeyriyyəçilik deyil, öz təhlükəsizliyimizə sərmayədir", - Stoltenberq bildirib.
O qeyd edib ki, NATO-nun yaxın tərəfdaşları Yaponiya və Cənubi Koreya da Rusiyanın Ukraynaya qarşı müharibəsindən narahatdır, çünki Putinin qələbəsi Pekinin başqa yerlərdə güc tətbiq etməsi ehtimalını artıracaq.
QAZİLER.AZ