1989-cu ildə Quzey Azərbaycanda başlayan Azərbaycan Milli Hərəkatı 31 dekabrda yeni bir oyanışa, sərhəd hərəkatına səbəb oldu. Güney və Quzey həsrətə son qoymağa ümidləndi. Birləşmənin, qovuşmanın vədəsi verildi.
QAZİLER.AZ Axar.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin 31 Dekabr Həmrəylik Gününün dünya azərbaycanlıları üçün əhəmiyyətindən danışarkən deyib.
O bildirib ki, bu gün bütün azərbaycanlılar üçün həqiqi bayramdır:
“Həmin günlərdə insanlar sevinc və həyəcanla şüarlar səsləndirir, bir-biri ilə öz doğma dillərində söhbət edir, uzun ayrılıqdan sonra dərdləşirdilər. Sərhədi aşmaqla, tikanlı məftiləri söküb ataraq, bir-birlərini ucadan haraylaraq, birlik əhval-ruhiyyəsinə doğru uğurlu addım atılırdı. Bunu Azərbaycanımızın tarixində yaddaqalan günlərdən hesab edirəm. Sevindirici haldır ki, məhz 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Sərhəd hərəkatından az müddət sonra Quzey Azərbaycanımız müstəqil dövlət oldu. Bu istiqlaliyyətin əldə olunmasında 31 Dekabrın böyük rolu var idi. Bu, həm də göstərir ki, iki tərəfdə də istək olanda, bütövlüyümüzə doğru yol açılır”.
Güneyin yeni bir 31 dekabrın astanasında olduğunu deyən Bilgin bildirib ki, sözün əsl mənasında bütöv olmağımıza çox da uzun vaxt qalmayıb:
”O zamanlar bizdə - Güneydə hərəkat o qədər də güclü deyildi. İndi isə durum çox dəyişib. Bizdə “Azadlıq, Ədalət, Milli Hökumət” adlı milli oyanış yaranıb. İndi durum 1989-cu il ilə müqayisəolunmaz dərəcədə fərqlidir. Qarabağın işğaldan azad olunması Güneydə inanılmaz ümidlər yaratdı. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Güneyə xüsusi özgüvən verdi. Quzeyimizin bərpa etdiyi ərazilər, Güneydə başlayan milli düşüncə bu il 31 dekabrı daha ümidlə qeyd etməyimizə səbəb olub. Azərbaycanımızın Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, 2024-cü il dünya azərbaycanlılarının birlik ili olacaq. Bu sözün arxasında böyük bir məna dayanır. Güney Azərbaycanda çoxsaylı milli fəallarımız zindana atılır. Lakin bu, bizim qəhrəman oğullarımızı yolundan döndərmir. Başda Yürüş Mehrəlibəyli olmaqla, milli fəllarımız arasında təşkilatlanmaq uğrunda yeni ümidlər yaranıb. Bu isə bizi illər öncəki 31 dekabrdan yeni bir sərhəd hərəkatına doğru aparır. Bu fürsətdən istifadə edib, hər bir azərbaycanlının Həmrəylik Gününü təbrik edirəm və milli fəallarımızın önündə baş əyirəm”.