Rusiyanın Ukraynaya bu gün səhər raket hücumu nəticəsində 12 nəfər ölüb, 75 nəfər yaralanıb.
Apa xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ötən gecə və bu gün səhər Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə kütləvi raket və dron zərbələri endirib. Ölkənin bir sıra vilayətlərində hava həyəcanı siqnalı verilib.
***
11:57
Rusiyanın Ukraynaya hava hücumu nəticəsində ölənlərin və yaralananların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Müxtəlif regionların tibb müəssisələrindən əldə olunan məlumatlara əsasən, Odessada 1 nəfər ölüb, 1-i uşaq olmaqla 7 nəfər xəsarət alıb, Zaporojyedə 10 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır. Binalardan birinin dağıntıları altında qalan insanların olduğu bildirilib.
Rusiya ordusunun hücumu nəticəsində Kiyevdə azı 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlar xəstəxanalara yerləşdirilib.
Xarkovda baş verən partlayış nəticəsində tibb müəssisəsinin binasına ziyan dəyib, binada yanğın başlayıb. Təcili yardım maşını zədələnib, lakin heç kim xəsarət almayıb.
Dneprdə tibb müəssisəsinin böyük bir hissəsi dağıdılıb. Bütün xəstələr və tibb işçiləri sığınacaqlara yerləşdirilib. Mülki binalara endirilən zərbə nəticəsində isə, 4 nəfərin ölməsi, 15 nəfərə yaxın şəxsin yaralanması qeyd olunub.
***
11:02
Ukraynada Rusiyanın kütləvi dron və raket hücumu ilə bağlı gərginlik davam edir.
Apa Ukrayna mediasına istinadən xəbər verir ki, Dnepr meri hava hücumları zamanı ölənlərin və yaralananların olduğunu deyib. Bundan başqa, Kiyevdə 5 nəfər yaralanıb. Şəhərdə "Artyom" hərbi zavodu və "Lukyanovskaya" metro stansiyası da zərbələr zamanı zədələnib.
Xarkov meri Terexov isə şəhərə 22 zərbə endirildiyini, ölən və yaralananların olduğunu bildirib.
Raket zərbələrinin Odessa, Ternopol və Lvov şəhərlərinə də endirildiyi bildirilir.
***
10:33
Ukraynada bir çox regionunda gecə ikinci dəfə hava həyəcanı verilib.
Apa UNİAN-a istinadən xəbər verir ki, "Şahed" dronları ilə Ukrayna ərazilərinə kütləvi hücum olub.
Ballistik zərbə təhlükəsinin olduğu bildirilir.
Eyni zamanda, Lvovda güclü partlayışlar baş verir.
Bundan başqa, Dnepr şəhərində ticarət mərkəzində yanğın baş verib. İlkin versiya kimi, yanğın Rusiyanın gecə həyata keçirdiyi hava hücumları nəticəsində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, ticarət mərkəzində partlayış səsləri eşidilib. Hadisə yerinə cəlb olunan müvafiq qurumlar cəlb olunub, yanğının söndürülməsi üçün işlər davam edir.
Kiyevdə də partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi işləyir.
Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
"Kiyevdə partlayışlar… Sığınacaqlarda qalın!" – o, Telegram kanalında yazıb.
Daha sonra Kliçko yeni partlayışlar barədə məlumat verib və qeyd edib ki, şəhərdə “hava müdafiəsi intensiv işləyir”.
Kliçko həmçinin bildirib ki, Kiyevin Podolsk rayonunda anbarlar yanır.
"Bütün xidmətlər yerindədir", - mer qeyd edib.
Xarkov meri İqor Terexov isə Telegram kanalında şəhərdə partlayışların "üçüncü dalğası"nın baş verdiyini açıqlayıb. Xarkovda azı 8 partlayış səsinin eşidildiyi bildirilir. Xarkovda 35 yaşlı kişi həlak olub, 8 nəfər isə xəsarət alıb.
Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Dnepr (keçmiş Dnepropetrovsk), Odessa, Poltava və Xmelnitski vilayətlərində, eləcə də Zaporojye şəhərində partlayışların baş verdiyi bildirilir.