“Rusiya işğalçı qüvvələrinin qanunsuz olaraq saxlamağa çalışdıqları Gürcüstan vətəndaşına ölümcül atəş açması məni çox hiddətləndirib”.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, bunu, Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazıb.
Prezidentin sözlərinə görə, bu, Gürcüstan dövlətçiliyinə açıq-aşkar hücumdur.
“Bu, “eyni inanclı qardaşlığın” əsl mahiyyətini bir daha ortaya qoyur. Mən dərhal beynəlxalq ictimaiyyəti bütün beynəlxalq normaları kobud və həyasızcasına pozan Rusiyanın hərəkətlərini birmənalı şəkildə pisləməyə çağırıram”, - Zurabişvili yazıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.
Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib.
QAZİLER.AZ