Tehranda “3+3” formatının xarici işlər nazirləri səviyyəsində görüşünün keçirildiyi gün, oktyabrın 23-də İranın Yol və Şəhərsalma naziri Mehrdad Bəzrpaş Ermənistana səfər etdi. İran mətbuatının Tehran görüşü ətrafında geniş təbliğat kampaniyası quraraq onu “İranın diplomatik gücünün nümayişi” kimi qələmə verməsi fonunda Bəzrpaşın İrəvana səfəri nisbətən az diqqət çəkdi. Halbuki məhz bu səfərdə baş verənlər İranın Cənubi Qafqaz siyasətinin önəmli məqamları və strateji mahiyyəti üzərinə işıq salmaqdadır.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın dəvəti ilə baş tutan səfər göstərdi ki, İran hakimiyyəti Şimal-Cənub nəqliyyat dəhlizinin Ermənistan qolunun inşasında israrlıdır və bu yolla Bəzrpaşın “İran üçün çox mühüm ölkə” adlandırdığı Ermənistanı nəinki Fars körfəzinə, hətta Xəzər dənizinə çıxarmaq niyyətindədir.
O da maraqlıdır ki, İranlı nazirin bununla, yəni Ermənistanın Xəzər dənizinə çıxışını təmin etmək planı ilə bağlı açıqlamaları İran mətbuatında, o cümlədən onun rəhbərlik etdiyi nazirliyin rəsmi saytında əksini tapmayıb. Bu barədə yalnız Ermənistan mətbuatından məlumat əldə etmək mümkündür.
Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində: