Ermənistanda sərhəd qoşunlarının zabiti yerli qəzetlərdən birinin ofisinə zəng edərək ölkə ordusundakı acınacaqlı vəziyyətdən danışıb.
Trend xəbər verir ki, zabitin sözləri erməni mətbuatında dərc edilib.
O bildirib ki, ölkədə müqavilə əsasında xidmət edən hərbi qulluqçuların vəziyyəti olduqca pisdir.
"Hərbi qulluqçu döyüş mövqeyinə qalxmadığı təqdirdə 127 min dram (541 azn) məvacib alır. Döyüş mövqeyinə çıxan hərbi qulluqçulara isə hər gün üçün 4 min dram (17 azn) əlavə ödəniş hesablanır. Nəticədə 14 gün döyüş mövqeyində xidmət etmiş hərbçilərə maksimum 200 min dram (853 azn) əməkhaqqı verilir.
Kifayət qədər şəxsi heyət olmadığı üçün döyüş növbətçiliyinin dəyişməsi gec-gec həyata keçirilir. Bu, bütün sərhədboyu mövqelərə aiddir. Çatışmazlığın əsas səbəbi aşağı məvacibdir. Hətta müqaviləlilər də xidmətdən imtina edirlər. Hazırda 71 nəfərlik olmalı bölükdə cəmi 26 nəfər şəxsi heyət var", - deyə erməni zabit vurğulayıb.
Erməni hərbi qulluqçu əlavə edib ki, sərhəd qoşunlarında xidmət şəraiti dözülməzdir. Savadsızlıq baş alıb gedir. Həmçinin, könüllülərlə müqaviləlilərin münasibətləri yaxşı deyil.