“Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib”.
Apa xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Politico"ya müsahibəsində deyib.
“Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır. Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik. Qərblə Şərq, Şimalla Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün bizim yollarımız olmalıdır... Ermənistan “proksi” ola bilməz. Bu, yolverilməzdir.
Qonşularımızla problem yaşadığımız və başqalarını bizi qorumağa dəvət etməli olduğumuz model - başqalarının kim olmasından asılı olmayaraq - çox həssas bir modeldir”, - Paşinyan vurğulayıb.
Paşinyan, eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Bununla belə, o əlavə edib: “Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”.