Sverdlovsk vilayətinin qubernatoru Polad Bülbüloğludan üzr istədi

Sverdlovsk vilayətinin qubernatoru Polad Bülbüloğludan üzr istədi backend

Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş tədbirdə iştirak edən Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodin qalmaqalı ilə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya üzrxahlıq edib.

Trend xəbər verir ki, regionun informasiya siyasəti departamentinin məlumatına görə, Kuyvaşev məsələnin həll olunacağına ümid etdiyini bildirib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, bu qalmaqaldan sonra Volodin şəhər dumasının yeni çağırışında spiker olmayacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Azərbaycanın Rusiyadakı Səfirliyi cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlayıb.

Bundan başqa, səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin, Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlayıb.

Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılmış, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.

Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunub.

Diaspora