Ermənistanda mədən sənayesinin ekologiyaya təsirlərinə dair HESABAT hazırlanıb - FOTO

Ermənistanda mədən sənayesinin ekologiyaya təsirlərinə dair HESABAT hazırlanıb -  FOTO backend

Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabatın təqdimatı edilib.

Oxu.Az-ın məlumatına görə, təqdimatı “Sudan istifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov səsləndirib.

O qeyd edib ki, Ermənistan ərazisində yerləşən 26 ǝdəd filiz hasilat yatağının kosmik monitorinqinin nəticələri yer alıb:

“Hesabata əsasən, aparılan monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Qafan hasilat yatağı aktiv fəaliyyət göstərir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 49,2% sahəvi genişlənmə müşahidə edilib. Dəyişikliklər, əsasən, rezervuarların ətrafında müşahidə olunur. Əlavə olaraq bir neçə istiqamətdə kəşfiyyat işlərinin (yeni qazıntı yerləri) aparıldığı görünür.

Aparılan araşdırmalar zamanı Qafan dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın su ehtiyatlarının istifadəsi yararsız hesab edilib. Çayda nikelin miqdarı 5,5, dəmirin miqdarı isə 4,5 dəfə normadan artıqdır”.

Hesabatda qeyd edilib ki, erməni ekoloqlarının məlumatına əsasən, Qafan şəhərindəki Şahumyan polimetal mədənində zərərli hissəcikləri buraxılması ehtimalı daha yüksəkdir və açıq istismar zamanı ağır metallarla dolu toz zərrələri Qafan ətrafına (Oxçuçaya) yayılır.

Qafan filiz emalı zavodu tərəfindən dəfələrlə normadan artıq metalların çaya buraxılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozulmasına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərində problemlərə yol açır.

Növbəti monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Voskedzor qızıl-polimetal mədənində heç bir dəyişiklik müşahidə olunmayıb. Ehtimal edilir ki, Voskedzor qızıl-polimetal mədəni fəaliyyət göstərməyib. Bu mədən üzrə açıq karxanalardan, filizqırma sahəsindən qeyri-üzvi tozun emissiyaları ildə 649,97 ton hesablanıb. Ətraf mühitə atılan maddələrin ümumi iqtisadi zərəri isə 81,97 milyon AMD (Ermənistan pul vahidi) qiymətləndirilir.

Digər monitorinqin nəticələrinə əsasən, son beş il müddətində Arcut hasilat yatağı aktiv fəaliyyət göstərir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 70,4% sahəvi genişlənmə müşahidə edilib. Dəyişiklik, əsasən, yeni emal zavodunun tikintisindən, yataqla zavod arasındakı yolun salınmasından və kəşfiyyat işlərinin aparılmasından ibarətdir. Mədəndə emal zavodunun tikintisinə 2021-ci ilin ikinci yarısında başlanılıb. 2014-2021-ci illərdə mədəndə kəşfiyyat işləri aparılıb. “Bektek-Eko” MMC Arcut mədənində qızıl əldə etmək üçün sianid üsulunu seçib ki, mədənin açıq şəkildə fəaliyyəti nəticəsində yerüstü, yeraltı sular ağır metallarla çirklənmə riskinin yaranması və partlayışlar nəticəsində əmələ gələn zǝrǝrli tozun ətraf ərazilərə çökməklə yaxın ətrafa yayılması ehtimalı yüksəkdir. Quru mövsümdə küləklər, yağıntılar zamanı isə yerüstü və yeraltı axınlar ilə həmin ərazilərin suları kimyəvi tərkibini dəyişir və istifadə üçün təhlükə yaradır. Yataq yaxınlığından keçən Debet çayının kimyəvi tərkibinin dəyişməsi Kür çayı üçün təhlükə mənbəyidir.

Monitorinq nəticələrinə əsasən, son beş il müddətində Yuxarı Vardanidzor qızıl və polimetal mədəninin fəaliyyət göstərmədiyi müşahidə olunur. Vizual analiz nəticəsində iki dövri təsvirdə fəaliyyətə dair heç bir dəyişiklik müşahidə olunmayıb. Mədən işlərinin aparılması yaxın ətraf ərazilərdə ekoloji fəlakətlərin baş verməsinə səbəb olacaq.

Həmçinin, son beş il müddətində Meqhasar qızıl mədəninin istismarı aktiv şəkildə həyata keçirilir. Dəyişikliklər, əsasən, karxanaların ətrafında müşahidə olunur. Belə ki, yatağın sahəsində bu dövr ərzində 26,1% sahəvi genişlənmə müşahidə edilib. Mədən və emal zavodunun fəaliyyəti zamanı çaylara axıdılan kimyəvi tərkibli sular canlı və bitkilər üçün böyük təhlükə mənbəyidir.

Son beş il müddətində Azatek qızıl mədəninin istismarı aktiv şəkildə həyata keçirilir. Dəyişiklik yeni karxanaların meydana gəlməsindən ibarətdir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 450% sahəvi genişlənmə müşahidə edilib.

Hesabatda qeyd olunur ki, mədən və emal zavodunun fəaliyyəti zamanı çaylara axıdılan kimyəvi tərkibli sular canlı və bitkilər üçün böyük təhlükə mənbəyidir. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və emal zavodundan kimyəvi tullantıların Arpa çayına axıdılmasının nəticəsində zərərli toz və kimyəvi maddələrin hava və su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızı məhv etməsi davam edir. Mədən Arpa çayının üzərində yerləşdiyi üçün tullantı sularının çaya axıdılması istisna edilmir. Bu, Arpa çayının vadisində mövcud olan ərazilərdə ekoloji problemlərə zəmin yaradılmasıdır.

Ermənistanda “Vaya Gold” MMC tərəfindən Azatek mədənindən 250 milyon dram (Ermənistan pul vahidi) dəyərində qeyri-qanuni qızıl, gümüş və mis hasilatı maddəsi ilə cinayət işi qaldırılıb.

Monitorinqin nəticələrində qeyd edilir ki, son beş il müddətində Armanis qızıl-polimetal mədənində istismar işləri davam edir. 2023-cü ildə 2017-ci ilə nisbətdə üfüqi sahǝvi artımda dəyişiklik 3,7% təşkil etsə də, təsvirdən karxanalarda dəyişikliklərin olması müşahidə edilir. Emal zavodunun ərazisində xammal yığımlarının artımı aktiv fəaliyyətin aparıldığını təsdiqləyir.

Armanis mədənində 14 647 min ton filiz qiymətləndirilir ki, bunun da 12 316,4 kiloqramını qızıl, 161,2 tonunu gümüş, 158,6 min tonunu mis, 381 min tonunu sink, 3 888 101 tonunu filiz qurğuşun, 2 358,2 tonunu kadmium, 83 tonunu vismut, 69,3 tonunu selen, 355,3 min tonunu kükürd təşkil edib. Armanis filiz emalı kompleksinin yaxınlığında turşulu suyun gölməçələrə, dərəyə, daha sonra Qarasu çayına axıdılması faktları qeydə alınıb. Mədəndə emal zavodundan kimyəvi tullantıların Qarasu çayına axıdılmasının nəticəsində zərərli toz və kimyəvi maddələrin su yolu ilə respublikamızın ərazisinə daxil olması ekologiyamıza mənfi təsir göstərir.

 

Diaspora