Ermənistan Müdafiə Nazirliyinin Üçkilsədə yerləşən “Ximiki” hərbi hissəsinin itkin düşmüş hərbçilərinin valideynləri İrəvana yollanaraq, hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, onlar Nikol Paşinyanla görüş tələb edirlər.
“Üç ilə yaxındır ki, oğullarımızla bağlı heç bir xəbər eşitmirik, Milli Təhlükəsizlik Xidməti normal işləmir, bütün strukturlar uşaqlarımızı unudublar. Nikol Paşinyan, de görüm, uşaqlarımız haradadır?” - deyə erməni əsgərlərindən birinin valideyni deyib.
O, həmçinin əlavə edib ki, Ermənistan hakimiyyəti üç ildir ki, “yatıb”.
“Məhkəmə işləmir, biz hər dəfə 100 km gedib-gəlirik, sonda hakim beş dəqiqə aşağı düşür, bir-iki yalan söz deyir, bizi geri göndərir və deyir: iki aydan sonra qayıdın, beş ay sonra gəlin.
İnsanları gərəksiz addımlar atmağa məcbur etməsinlər, amma bəlkə, buna mən qərar verərəm. Ola bilər ki, maşınıma bayraq taxıb Azərbaycana gedim. Deyəcəyəm ki, mən Azərbaycan vətəndaşı olmaq istəyirəm, Ermənistan vətəndaşı olmaq istəmirəm. Oğlumu mənə qaytarın, gedib Azərbaycan pasportu alacağam”, - deyə o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl erməni əsgərlərin valideynləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında aksiya keçirərək, qurumun rəhbəri Armen Abazyanla görüş tələb ediblər, lakin sonuncu onları qəbul etməyib. (Oxu.az)