Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan və seçkilərdə iştirak edəcək ölkə vətəndaşları üçün çağırış edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Tvitter hesabında yazıb.
“Əziz Türkiyə vətəndaşları, əvvəlki iqtidar həmişə sizi görməzdən gəlib. Sadəcə valyuta ilə bağlı problem yaşayanda sizləri xatırlayıblar. Biz isə hər məsələdə yanınızda olmuşuq, bir çox problemlərinizi həll etmişik, hüquqlarınızı qorumuşuq.
Bəs, bundan sonra hansı işləri görəcəyik?
1. TOKİ vasitəsilə sizin üçün xüsusi mənzil layihələri hazırlayacağıq;
2. Ailə attaşelərimizin və səyyar konsulluq xidmətlərinin sayını artıracağıq;
3. Biz xaricdə təhsil almış ixtisaslı şəxslərin ölkəmizdə işlə təmin olunmasına şərait yaradacağıq;
4. Parlamentdə sizlərin sözünüzə diqqət yetirəcəyik və tələblərinizin yerinə yetirilməsini təmin edəcəyik;
5. Türkiyədə mobil cihazların qeydiyyatsız istifadə müddətini sizin üçün 180 günə qədər artıracağıq;
6. Türkiyəyə gətirdiyiniz nəqliyyat vasitələrinin yenidən ölkəyə girişi üçün xaricdə qalma tələbini 30 günə endirəcəyik;
7. Xaricdə həqiqi hərbi xidmətdə olanların ikitərəfli müqavilələr çərçivəsində Türkiyədə də hərbi xidmətinin tanınmasını təmin edəcəyik;
8. Hər il xaricdə yaşayan 10 min gəncimizi Türkiyəyə gətirəcəyik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, xaricdə yaşayan Türkiyə vətəndaşları səs verməyə başlayıblar.