Türkiyə Təhlükəsizlik Şurasının üzvü Erhan Türkiyə prezidenti Ərdoğanın infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qaziler.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq havada aktiv təbliğat apardığı üçün mədə qripinə yoluxub, infarkt keçirməyib. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan Lenta.ru-ya açıqlamasında Türkiyə liderinin səhhəti ilə bağlı şayiələrə cavab verib.
Erhan xatırladıb ki, Türkiyə prezidenti çərşənbə axşamı, aprelin 25-də canlı yayım zamanı özünü pis hiss edib. O, qısa fasilədən sonra müsahibəni davam etdirib və xəstə olduğunu bildirərək tamaşaçılardan üzr istəyib. “Bu gün o, bütün günü evdə dincəlib və seçki mitinqlərini ləğv edib” - deyə Ərdoğanın müşaviri bildirib.
Erhan Türkiyə liderinin guya infarkt keçirməsi ilə bağlı yayılan şayiələri təkzib edib və bu cür spekulyasiyaları “sosial şəbəkələrin məkrli və məsuliyyətsiz insanlar tərəfindən təhlükəli şəkildə istifadə edilməsinin bariz nümunəsi” adlandırıb.
QAZİLER.AZ