Qazaxıstandakı L.N.Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan auditoriyanın əsaslı təmirdən sonra təntənəli açılışı olub. Auditoriyada Heydər Əliyevin sitatları, onun dövlətçilik fəaliyyəti barədə nəşrlər, Türk xalqlarının tarixi və mədəniyyəti haqqında əsərlər təqdim olunub.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə AMU-nun rektoru Erlan Sıdıkov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, alimlər və tələbələr iştirak ediblər.
Auditoriyanın açılışında çıxış edən Erlan Sıdıkov qeyd edib ki, onun rəhbərlik etdiyi universitet Azərbaycanın aparıcı ali təhsil ocaqları ilə fəal əməkdaşlıq edir və AMU-nun divarları arxasında onlarla azərbaycanlı tələbə təhsil alır. O deyib: “Avrasiya Milli Universiteti və Bakı Dövlət Universitetinin alimləri biotexnologiyalar sahəsində birgə tədqiqatlar aparırlar. Yeni tədris ilindən etibarən biologiya üzrə “ikili diplomlar” proqramına start veriləcək. Əməkdaşlıq təkcə mütəxəssislərin birgə hazırlanması çərçivəsində deyil, həm də akademik çeviklik üzrə proqramlar, ölkələrimizin tələbələrinin və müəllimlərinin staj keçməsi sahəsində də inkişaf edir. Sevindirici haldır ki, universitetimizdə Azərbaycanın görkəmli elm xadimləri mühazirələr oxuyublar”.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qeyd edib ki, bu il görkəmli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. O əlavə edib: ”Yubileylə əlaqədar Azərbaycanda və onun hüdudlarından kənarda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur”.
Qardaş Qazaxıstanda Heydər Əliyevin görkəmli siyasi xadim kimi rolunun, onun Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirildiyini vurğulayan səfir A.Atamoğlanov deyib ki, qazax cəmiyyətində Heydər Əliyevin şəxsiyyətinə ehtiramın ən parlaq nümunələrindən biri onun şərəfinə Avrasiya Milli Universitetində auditoriyanın fəaliyyət göstərməsidir. Diplomat bildirib ki, auditoriya 2011-ci ildə Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə açılıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan tədris auditoriyasında Azərbaycan dili, ölkəmizin tarixi və mədəniyyəti üzrə məşğələlər keçirilir.