O dünyaya yuyulmadan gedən KƏFƏNSİZ ÜMİDLƏR...

O dünyaya yuyulmadan gedən KƏFƏNSİZ ÜMİDLƏR... backend

Bir atanın hekayəsi

Ailəsindən 4 nəfəri Kahramanmaraşda zəlzələdə itirdi. Son günə qədər ümidi olub ki, yaralı da olsa sağ çıxarılacaqlar. Amma onların cansız cəsədini gördükdən sonra sonuncu ümidi də ölüb. 

Mustafa Nuri 35 il jurnalist olaraq Türkiyə mətbuatında çalışıb. Fevralın 6-da Kahramanmaraşda hamı kimi onun da ümidləri torpağa gömülüb. Təsəlli tapmağa səbəb axtarıb. Cəsədini yumağa su tapmadığı, kəfənləməyə bez tapmadığı oğlu o gün anasının yuxusuna gəlib:" Ana, uşaqlar acdır, atam onlara yemək çatdırsın",- deyir. Bu da çarəsiz ataya, illərlə hamının dərdini yazıb indi öz dərdini deməyə söz tapmayan biçarə insana bir işarə olur...

Əzizlərini dəfn edəndən sonra da dağıntılar altında qalan insanların çıxarılmasına yardım etsə də, oğlum mənə nə demək istəyirmiş sualını qəlbini didib parçalayır. 

Sübh tezdən dostu Kamal Önyurtun yeməkxanasına gəlir. Və dostuna yuxunu danışır. Hər şey o andan başlayır... Bir məmləkətin insanı, biri möhtac, biri adil olan iki dost birləşərək zəlzələdən zərərçəkən soydaşlarına pulsuz yemək paylamağa qərar verirlər...

Fəlakət qurbanlarının sayı artdıqca, onalrın da payladığı yeməyə tələbat o qədər artır. Mustafa bəyin bildirdiyinə görə birinci gün onlar 850, ikinci gün 250, üçüncü gün isə 2500 nəfərə pulsuz isti yemək çatdırıblar....

Bu da ev-eşiyini, doğmalarını, övladını itirmiş bir insan həyatı... Mustafa bəy 55 yaşında olmasına baxmayaraq hazırda üçüncü ali təhsilini alır. Boş oturmağı sevmirəm, deyir. Nə yaxşı ki, dostum təklifimi qəbul etdi. Yoxsa, bu dərd məni öldürərdi deyir...

Sonuncu ümidlərim də ölüb. Amma mən bu gün kiminsə ümidiyəm. Çünki bilirəm ki, mənim yolumu gözləyən soydaşlarım var...

Xəyalımın ən uca, əlçatmaz yerində isə O var... O dünyaya yumadan, kəfənləmədən göndərdiyim SON ÜMİDİM- OĞLUM...

Sevinc MURADXANLI

Diaspora