Moskvanın Basmannıy Rayon Məhkəməsi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə saxlanılan Kostroma Dövlət Dumasının Vahid Rusiya partiyasından deputatı İxtiyar Mirzəyevin həbs müddətini uzadıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, məhkəmə Mirzəyevin barəsində həbs qətimkan tədbirinin daha üç ay müddətinə, aprelin 5-i tarixinədək uzadılması haqqında qərar qəbul edib.
Qeyd edək ki, İxtiyar Mirzəyevin sahibi olduğu Poliqon gecə klubunda noyabrın 5-də baş vermiş yanğında 13 nəfər ölüb.
Mirzəyev noyabrın 7-də Vahid Rusiya partiyasının ali şurasına müraciət edərək bu təşkilatda üzvlüyünün dayandırılmasını xahiş edib.
Təqsiri sübut olunacağı təqdirdə azərbaycanlı deputatı 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.