"İrandakı mövcud quruluşa hücum etmək istəyən düşmənlərimizə layiqli cavabları verilir".
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Fatimeyi-Zəhranın vəfatı ilə əlaqədar keçirilən tədbirdə ölkədəki etiraz aksiyalarından bəhs edərkən deyib.
Onun sözlərinə görə, müstəmləkəçilər və böyük dövlətlər azadlıq, aldadıcı şüarlarla xalqa yoxsulluq və zillət gətirirlər. İ.Rəisi ölkədəki uğurların İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin və onun başçılıq etdiyi rəhbərliyin sayəsində əldə edildiyini, çatışmazlıqların imansızlara aid olduğunu vurğulayıb.
İran Prezidenti dünyada korrupsiyanın, ədalətsizliyin və fironçuluğun hökm sürdüyünü bildirərək deyib: "Bu müharibədə şahçılar, ikiüzlülər, təkəbbürlü insanlar öz rollarını oynadılar".
İ.Rəisi həmçinin kütləvi informasiya vasitələrini "cahilliyi təbliğ etməkdə" və "düşmən" adlandırdığı etirazçıları ittiham edib.
Qeyd edək ki, sentyabrın 17-dən dekabrın 19-dək 18 452 etirazçı həbs edilib. Onlardan yalnız 3 976 nəfərin kimliyi açıqlanıb. Həbs edilənlərin 652-si tələbədir. Tələbələrin iştirakı ilə şəhər və universitetlərdə 1 192 genişmiqyaslı etiraz aksiyası keçirilib. Aksiyalarda 40 xarici ölkə vətəndaşı həbs edilib. Onlar iğtişaş yaratmaqda, İran əleyhinə fəaliyyət göstərməkdə ittiham olunurlar. Etirazlar Güney Azərbaycanın şəhərlərində geniş yayılıb. Güney azərbaycanlılar əsasən “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirirlər. İranda keçirilən aksiyalarda, əsasən, “Qadın, həyat, azadlıq!”, “Yoxsulluq, korrupsiya, bahalıq, biz hakimiyyəti devirəcəyik!”, “Qana susamış Xameneiyə ölüm!”, “Xameneiyə ölüm, Xameneiyə lənət!”, “Biz mübarizə aparacağıq, öləcəyik, İranı geri qaytaracağıq!”, “Diktatora ölüm!”, “SEPAH-a ölüm!”, “BƏSİC-ə ölüm!”, “Körpə qatili hökumətə ölüm!”, “Yoldaşlarımın qanına and olsun, mübarizəni sonadək aparacağıq!”, “Qəddar Xamenei, səni torpağa basdıracağıq!”, “İllərlə cinayət edən belə rəhbərə lənət olsun!”, “Rejim batildir, Xamenei qatildir!” və başqa şüarlar səsləndirilib.