"Ermənistan hakimiyyəti nazirlərin üçtərəfli görüşündən zəif tərəf görüntüsü yaratmamaq üçün imtina edib. Çünki erməni nazir görüşdə iştirak etsəydi belə bu Ermənistanla Qarabağı birləşdirən yolda heç bir dəyişikliyə səbəb olmayacaqdı".
Qaziler.az bildirir ki, bunu dekabrın 23-də İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı politoloq Elxan Şahinoğlu söyləyib.
"Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri sabah Moskvada görüşməli idilər. Ermənistan hakimiyyəti bu görüşdən imtina edib. Bunun səbəbi nədir? Başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Rusiyanı ittiham etməyə başlayıblar. Bunların məntiqinə görə Rusiya hərbi kontingenti yolu zor gücünə açmalıdır. Azərbaycan vətəndaşlarının yolda etirazı 11-ci gündür davam edir və qarşıdurma yoxdur. Rusiya hərbçiləri etirazçılara qarşı zor tətbiq etsələr bu avtomatik Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinir. Çünki sözdə də olsa Kreml Azərbaycanı “strateji tərəfdaş” adlandırır.
Ermənistan hakimiyyəti nazirlərin üçtərəfli görüşündən zəif tərəf görüntüsü yaratmamaq üçün imtina edib. Çünki erməni nazir görüşdə iştirak etsəydi belə bu Ermənistanla Qarabağı birləşdirən yolda heç bir dəyişikliyə səbəb olmayacaqdı. Azərbaycan bu və ya digər şəkildə yola nəzarətdən imtina etməyəcək. Ermənistan hakimiyyəti erməni cəmiyyətində tam nüfuzdan düşməmək üçün görüşdən imtinaya qərar verib. Bəs Ermənistan hakimiyyətinin indiki vəziyyətdə alternativi nədir? “Ermənistanla Qarabağı birləşdirən yolu BMT və ATƏT nəzarətə götürsün” – bu, Nikol Paşinyanın təklifidir. Bunun reallaşmayacağını özü də anlayır. Birincisi, buna Azərbaycan razılaşmaz, ikincisi, Rusiya öz hərbçilərini bölgəyə ona görə göndərməyib ki, BMT və ATƏT qüvvələri ilə bölüşsün. O biri tərəfdən ATƏT-in ümumiyyətlə hərbi kontingenti yoxdur", - politoloq deyib.
QAZİLER.AZ