Kiyev Apellyasiya Məhkəməsində həbsdə olan Misir Qasımlı və Sübhan Quliyevin məhkəmə prosesi keçirilib. Onlar məhkəmə iclasında iştirak etməyiblər.
Bu barədə Musavat.com-a Misir Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib.
Vəkil bildirib ki, məhkəmə proses iştitakçılarını aldadaraq işə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxıb:
“Noyabrın 3-də keçirilən iclasda hakim bildirdi ki, guya Sübhan Quliyevin məhkəməyə gətirilməsi haqqında məlumatı istintaq təcridxanasına göndərməyi unudub, Misir Qasımlı ilə bağlı isə bildirdi ki, ümumiyyətlə onu görmək istəmirlər deyə məhkəməyə gətizdirmədilər. Bütün bunlar səfirliyin nümayəndəsinin gözü qabağında baş versə də, səfirlik məhkəməyə öz iradını bildirmədi.
4 noyabr tarixində Obuxov Rayon məhkəməsində keçirilən iclasda isə Misir Qasımlı və Sübhan Quliyevin həbsdə saxlanılmaları müddəti əlavə 40 gün uzadıldı”.
Vəkil söyləyib ki, təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırıb: “Diaspora nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı.
Səfirliyə dəfələrlə şəxsi zaminliyə götürülmə məsələsi ilə müraciət etsək də, bundan imtina edirlər. Səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin bunu etmək istəmirlər. Görünür ki, bir qazinin talehi onlar üçün heç maraqlı deyil.
Eyni zamanda da, Ombudsman. Müraciət edirik ki, vətəndaşlarımızın haqqları taptalanır, köməklik edin. Cavab verirlər ki, heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil. Əgər qanun pozuntusu yoxdursa, nədən Kiyev Apellyasiya Məhkəməsi qərar verdi ki, qanun pozuntuları var?”.
Aygül Rəfiyeva iki azərbaycanlının taleyinə olan laqeyid münasibətdən narazı olduğunu qeyd edib: “Görünən odur ki, heçkəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər.
Məhkəmədə çıxış edən zərərçəkmiş ittiham tərəfinin şahidinin verdiyi ifadəyə tamamilə zidd ifadə verdi. Misir Qasımlı və onun vəkilləri tərəfindən verilən heç bir suala cavab verə bilmədi. Bütün suallara “yadımda deyil” kimi cavab verdi. Bu azmış kimi zərərçəkən məhkəmə iclasına Azərbaycan bayrağının fonunda qoşuldu. Bundan başqa, keçən məhkəmədə zərərçəkmiş ağzından qaçırmışdır ki, prokurorluq ona 3000 dollar pul təklif edib, bu dəfə isə suala cavab olaraq etiraf etdi ki, 15.000 dollar təklif olunub. Hakim də dərhal iclası təxirə saldı ki, bu məsələni ört-bastır etsin. Təəssüf ki, hakim görünüş yaratmaq istəyir ki, guya obyektivdir, guya işi düzgün araşdırır, amma əməldə tam əksini edir. Bu da bizə onu düşünməyə əsas verir ki, hakimə kənardan təzyiqlər var və o gözünü yumub qanunsuz qərarı qəbul edə bilər”.