İran niyə regionda vəziyyəti gərginləşdirir?
Axar.az xəbər verir ki, bu suala cavab verən politoloq Nazim Cəfərsoy fikirlərini bu cür qruplaşdırıb:
1. Hazırda İranda daxili vəziyyət gərgindir. Bu cür durumlarda avtoritar rejimlər xaricdə bir təhlükə formalaşdıraraq və bir düşmən obrazı yaradaraq, xalqın diqqətini ora yönəltmək istəyir. Bugünkü geosiyasi şərtlərdə bunu ənənəvi düşmən İsrail, ənənəvi rəqib Türkiyə və ya razılaşma astanasında olduğu Qərblə yaratmaq Tehrana müxtəlif motivlərlə sərf etmir. İran da bu konteksdə Azərbaycandan bir düşmən profili yaratmağa çalışır. Tehranın yanaşmasına görə Azərbaycan yuxarıdakılarla müqayisədə nisbətən daha kiçik bir aktordur və beləcə bu həmlə İrana regionda öz xalqını manipulyasiya etmək imkanı verir.
2. Azərbaycanı düşmən kimi xarakterizə etmək İrana regionda yaranan yeni geosiyasi balansa müdaxilə etmək fürsəti verir. İran bunu ya Türkiyə, Rusiya və ya Qərbi birbaşa qarşısına alaraq, ya da Azərbaycan ilə Ermənistan üzərindən edə bilər. Yuxarıda dediyimiz kimi Rusiya, Türkiyə və Qərb uyğun hədəflər deyil. İranın bugün şərtlərdə Türkiyə+Rusiya+AB üçbucağında uğurlu balans yaradan Azərbaycan üzərindən də regionda çox fəal rol oynaması mümkün deyil. Ona görə də Tehran regionda zəif halqa olan, düşdüyü vəziyyətdən çıxış yolu və yeni dəstək axtaran Ermənistan üzərindən fəal rol oynamağa çalışır. Bunun üçün də Ermənistanın dəstəkçisi olmaqdadır və ermənilerin Zəngəzur həssasiyyətini mühüm bir vasitə kimi fəal istifadə etməkdədir.
3. Azərbaycanı düşmənləşdirmək Tehran üçün İran cəmiyyətində getdikcə artan türkçülük və azərbaycançılıq meyillərini zəiflətmək və irançılıq və dövlətçilik motivasiyasını gücləndirmək məqsədini daşıyır. Ancaq bu cəhd iki ucu kəskin buçaqdır, yüksələn türk milliyyətçiliyi və azərbaycançılıq fonunda Tehran rejimi daxildə tərs reaksiya ilə qarşılaşa bilər.
4. Ermənistanı dəstəkləmək və Zəngəzur üzərindən gərginlik yaratmaq Qərbdəki erməni diasporunun dəstəyini almaq və imicini yeniləmək baxımından Tehran rejiminə mühüm fürsətlər verir.
5. Tehran rejimi "Azərbaycanın Rusiya və Türkiyə ilə razılaşaraq, Zəngəzur koridorunu hərbi yolla nəzarəti altına almasını" ciddi bir ehtimal kimi görür. 2020-dəki müharibə və sonrasında regiondakı balans, eləcə də Ermənistanın zəifliyi İranı qorxudur və bu ehtimalı ciddiyə almağa çox sövq edir. Üstəlik İran bu prosesin yaxınlarda baş verəcəyini düşünür, ona görə də tələm-tələsik Qafanda hazır olmayan binada konsulluq açır.
6. İranın Qafqazda gərginlik yaratmaq xaricində regionda rolunu ciddi olaraq fəallaşdırmaq imkanı yoxdur. Tehran nə ideoloji gücü, nə də iqtisadi şərtləri ilə regionda uğur qazana bilməz. Ona görə də "toyda dava salmaq" metodunu seçir.
7. Zəngəzur koridorunun açılması İranın Şərqlə Qərb arasında Yeni İpək Yolu olmaq imkanına böyük zərbə vurur. İran gərginlik çıxardaraq həm də bu prosesə zərər vermək istəyir.
8. Azərbaycan-Türkiyə strateji ittifaqının konkret nəticələr verəcək dərəcədə dərinləşməsi və Türk Dövlətləri Təşkilatının güclənməsinə bu prosesi çox daha irəliyə daşıyacaq Zəngəzur koridorunun əlavə olunması bölgədə bütün bir Türk kuşağı yaratması mənasına gəlir ki, bu da daxildə əhalisinin yarısını təşkil edən türkləri təzyiq altında tutan İran üçün ən mühüm milli təhlükəsizlik problemlərindən birini yaradır.
9. Hazırda İranda hakimiyyətdə olan qüvvə xarici siyasətdə, xüsusilə regionda sərt gücün daha aktiv istifadəsi tərəfdarıdır. Hərbi təlimlər və sərt ritorika da bunun tətbiqidir.
Bu şərtlərdə İrandan, xüsusilə də hazırda hakimiyyətdə olan radikallardan hər cur təxribat gözləmək olar!