Rusiyalılar niyə üsyana qalxmırlar? – “Deutsche Welle”

Rusiyalılar niyə üsyana qalxmırlar? –  “Deutsche Welle” backend

Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalının internet səhifəsində “Rusiyalılar niyə azadlıq və demokratiyanın müdafiəsinə qalxmırlar?” başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifi kanalın aparıcı əməkdaşlarından olan Miodraq Sorikdir.

Novator.az saytı  məqaləni ingiliscədən çevirib təqdim edir.

İranda minlərlə insan küçələrə çıxıb etiraz edir. Rusiyada isə hələ sakitlikdir.

Bu sakitliyin səbəbini polis qorxusunda, polis zorakılığında axtarmaq düzgün deyil. Çünki polis hər iki ölkədə – tək Rusiyada yox, İranda da qəddardır.

Bəs niyə yüz minlərlə rusiyalı Ukraynaya qarşı cinayətkar müharibədə öz əsgərlərinin heç nədən ölümə göndərilməsinə yol verir? Niyə onlar öz talelərini müharibəpərəstlərin öhdəsinə buraxırlar? Niyə üsyana qalxmırlar?

Rusiyadan kənarda yaşayanların çoxu bu suallara cavab tapa bilmir. Sanki ruslar hər şeyi qəbul etməyə hazırdırlar.

Problemin kökünü rus milli xarakterində axtarmağa çalışan, hansısa ehtimali stereotiplərə əsaslanıb fərziyyələr irəli sürən şərhçilər də var. Onlar deyirlər ki, ruslar dözümlüdür, həmişə Kremlin sahibinə, çarlara tabe olublar, yaxud yazıçı Fyodor Dostoyevskinin yazdığı kimi, ruslar azadlıqdan qorxurlar.

Bəli, hazırda Rusiyada üsyana qalxmaq doğrudan da təhlükəlidir. Bu ölkədə azadlıq istəyən hər kəs həbs oluna, işgəncəyə məruz qala bilər.

Eyni təhlükə İranda da mövcuddur, amma neçə həftədir minlərlə iranlı küçələrə çıxıb qəddar molla rejiminə etiraz edir.

İranlı nümayişçilərin bir qismi artıq bunun cəzasını çəkib, özü də həyatı bahasına. Ancaq belə görünür ki, hələlik polisin əlindən sağ çıxmış iranlıları bu qorxutmur.

İranlılar etirazları davam etdirirlər, baxmayaraq ki, Tehranda, ölkənin digər şəhərlərində tətbiq olunan zorakılıqlar rus çevik polisinin qəddarlığından qətiyyən geri qalmır.

İki il əvvəl yer üzündə milyonlarla insan belarusların prezident Aleksandr Lukaşenkonun seçki saxtakarlığına üsyanını heyrətlə izlədi.

Ukraynalıların demokratiya uğrunda cəsur mübarizəsinə dünya dəfələrlə şahid olub, indi də şahiddir.

İndi dünya həm də iranlıların cəsarətinə heyranlıqla şahidlik edir.

Ukraynada xalqın qələbəsi təmin olunub. Belarusda hələlik bu, reallaşmayıb. Lakin bir gün Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkonu müdafiə etmək imkanında olmayanda belaruslar öz sözlərini yenə deyəcək, Lukaşenkonu mühakimə edəcəklər.

Rusların demokratiyaya yaramadığını düşünmək absurddur. Bu fikirdə olanlar tez-tez ictimai rəy sorğularının nəticələrinə istinad edirlər.

Həmin nəticələrə görə, hər üç rusiyalıdan biri Qərb demokratiyasının Rusiyaya uyğun gəlmədiyi qənaətindədir.

Əslində bu qənaətdə olanlar (əgər həqiqətən qənaətləri budursa) daha çox  yaşlı nəslin nümayəndələridir. Onlar heç vaxt uzun müddət Qərb ölkələrində olmayıblar.

Rusiyanın gənc nəsli isə Parisdəki, Londondakı həmyaşıdları qədər açıq fikirlidir. Gənc rusiyalılar azadlıq, əsl demokratiya, yaxşı gün-güzəran, səyahət edə bilmək arzusu ilə yaşayırlar.

Rus Pravoslav Kilsəsinin rəhbərləri kimi demokratiyanın guya mənəvi dəyərləri sarsıtdığını iddia etmək də cəfəngdir. Əksinə, ədaləti yalnız müstəqil məhkəmələr təmin edə bilər. Yalnız onda hakimlərin siyasətçilərlə münasibətinin necəliyindən – yaxşı, ya pisliyindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyinə, ədalətə bel bağlamaq mümkündür.

Rusiyada müstəqil məhkəmə yoxdur. Nümayişçilər mühakimə olunanda hökm Kremldə verilir. Rusiyanın məhkəmə hakimləri siyasi hakimiyyətin tabeliyindədir. Səbəb aydındır: yalnız dayanıqlı demokratik ölkədə korrupsiya və qohumbazlığı aradan qaldırmaq olar.

Rusiyada yaşlı nəslin demokratiyaya şübhə ilə yanaşmasına gəlincə, bunun bir səbəbi kimi ötən əsrin 90-cı illərinin travması göstərilir. Halbuki rusiyalıların o dövrdə çəkdiyi əziyyətin demokratiya ilə heç bir əlaqəsi yoxdur.

Əksinə, 1991-ci ildən sonra xalqın sərvəti hesabına varlanmağa girişənlər məhz köhnə sovet nomenklaturasının təmsilçiləri, xüsusi xidmət orqanlarının əməkdaşları idi. Onlar qalaq-qalaq pullarının sayəsində ölkə siyasətinə təsir edə bilirdilər.

1990-cı illərdə ukraynalılar və gürcülər də eyni vəziyyətdə idi. Kiyevdə oliqarxlar böyük təsir gücü qazanmışdı. Amma ukraynalılar hakimiyyəti səsvermə yolu ilə dəyişə bildilər.

Nəticədə ukraynalıların həyat səviyyəsi yaxşılaşmağa başladı. Ukrayna Rusiyaya nümunə ola biləcək modelə çevrildi, bu isə Putin üçün təhlükə demək idi. Gözlənilmədən aydın olmuşdu ki, demokratiya, azadlıq Şərqdə də mümkündür.

Ukraynalılar öz vətənləri uğrunda mübarizəni davam etdirirlər, geri çəkilmək fikrində deyillər. Onlar avtoritar dövlətdə yaşamaq istəmirlər. Bu yolda verdiyi qurbanlar Ukrayna xalqını daha da birləşdirir.

Rusiya təcavüzünü dəf etmək uğrunda aparılan vətən müharibəsi Ukraynada indən belə neçə-neçə nəsli formalaşdıran əsas amilə çevriləcək.

Rusiyalılar da layiqli həyat, azadlıq və firavanlıq istəyirlərsə, başqa xalqlar kimi bunun uğrunda mübarizə aparmalı olacaqlar.

Diaspora