İran və Ukrayna arasında pilotsuz uçuş aparatı ilə bağlı gərginlik artır.
Musavat.com xəbər verir ki, həftəlik mətbuat konfransında çıxış edən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın Rusiyaya pilotsuz təyyarə göndərdiyini bir daha təkzib edib.
Kənani Rusiyanın Ukraynanın paytaxtı Kiyevi səhər saatlarında kamikadze dronlarla vurmasından sonra alovlanan iddialara cavab verib:
"İranın Rusiyaya pilotsuz təyyarələr göndərməsi xəbərinin siyasi məqsədləri var, bu xəbərləri Qərb mənbələri yayıb. Biz müharibədə tərəf olan ölkələrə silah vermirik".
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda Rusiya qüvvələrinin Ukraynaya hücum üçün İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməsinə görə İranın Kiyevdəki səfiri Menuçöhr Muradinin akkreditasiyası ləğv ediləcəyini və Tehranın Kiyevdəki diplomatik heyətinin ixtisar olunacağını bildirib: "Ukrayna İranın qeyri-dost hərəkətlərinə cavab olaraq belə qərara gəlib".
Zelenski Ukrayna qüvvələrinin Rusiya ilə qarşıdurmalarda ümumilikdə 8 İran istehsalı olan pilotsuz uçuş aparatını vurduğunu qeyd edib:
"Rusiya ordusu Dnepropetrovsk vilayəti və Odessaya hücumlarında İran istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə etdi. Xarici İşlər Nazirliyinə bu fakta kəskin reaksiya verməyi tapşırdım. Bu pilotsuz uçan aparatlarından 6-sı Şərq və Cənub Komandanlıqlarımızın hava hücumundan müdafiəsi tərəfindən, biri Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiəsi tərəfindən, biri isə Cənub Komandanlığının hava hücumundan müdafiəsi tərəfindən vurulub”.
Ukrayna liderinin bu açıqlamalarından sonra Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial media hesabında yazıb:
“İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya silah tədarük etməsinə cavab olaraq, İranın Kiyevdəki səfirinin akkreditasiyasının ləğvini elan etdik. İran səfirliyindən xeyli sayda diplomat geri çağırıldı".