İranın əlindəki yeganə rıçaq Ermənistandır, Ermənistan rəhbərliyinin sürüşkən siyasi gedişləri isə Tehranı məyus edir...
“İran Ermənistan-Azərbaycan sülh müqaviləsini tanımaya, ortaya fəsadlar çıxa bilər. İran İslam Respublikası hətta öz qoşunlarını əraziyə göndərməyə hazırdır”.
Bunu NEWS.am-in müxbirinə müsahibəsində rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” anlayışı Azərbaycan tərəfindən irəli sürülüb, 10 noyabr bəyanatında bu terminologiya əksini tapmayıb. Tarasovun fikrincə, dəhlizin Rusiya FSB-nin nəzarətində olacağı ilə bağlı şərt İranı qıcıqlandırır, çünki Tehran qorxur ki, onlar (Türkiyə və Azərbaycan - red.) rusları qovub nəzarətin öz əllərinə ala bilərlər.
“İran vəziyyətdən razı deyil. 2020-ci il noyabrın 10-da İrəvan, Moskva və Bakı arasında Türkiyənin dolayı iştirakı ilə bəyanat imzalandı. Türkiyənin imza atmasına Putin imkan vermədi. Türkiyənin Qarabağla heç bir əlaqəsi yoxdur. Tarixən bura İranın təsir zonasıdır. Danışıqlara dəvət olunmayan Tehran hesab edir ki, Qarabağın statusunu müəyyən etmək olar, kommunikasiyalar və sairdən danışmaq olar, amma saziş onun iştirakı ilə imzalanmalıdır. İran sülh sazişini tanımaya, fəsadlar yarana bilər. Tehran hətta öz qoşunlarını əraziyə göndərməyə hazırdır. İrəvan və Bakı bu problemi həll etməli olacaq”, - deyə rusiyalı politoloq iddia edib.
Bu arada məlum olub ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” regional qərargahı Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirəcək. Bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı general Pasdar Məhəmməd Pakvər bəyan edib.
Onun sözlərinə görə, hərbi təlimin yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçirilməsi planlaşdırılıb. “Təlim ordunun illik təqviminə uyğun olaraq və Quru Qoşunlarının döyüş hazırlığının artırılması istiqamətində tapşırığın icrası ilə əlaqədar keçirilir”, - deyə iranlı general vurğulayıb.
Xatırladaq ki, 30 illik erməni işğalı dövründə İran bir dəfə də olsun Ermənistanla sərhəddə hərbi təlim keçirməyib. Ancaq torpaqlar işğaldan azad edildikdən sonra İran ordusu Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Belə ki, ötən il keçirilən təlimləri İran mediası Azərbaycana qarşı xəbərdarlıq kimi təqdim edib. İndi isə Tehranın narahat reaksiyalarının fonunda növbəti hərbi təlimlər barədə xəbərlər yayılır.
İran mediasının yazdığına görə, ötən gün Astanada Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşdə İran prezidenti İbrahim Rəisi bildirib ki, Azərbaycan Respublikası və Ermənistanın milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bəyan edərək, İranın regionun tarixi və geosiyasi sərhədlərində, o cümlədən İran və Ermənistanın tranzit statusunda hər hansı dəyişikliyi rədd edir.
Rəisi həmçinin Azərbaycan və Ermənistan arasındakı vasitəçilik təklif edib və İranın Qafqaz regionunda istənilən pərdə altında hər hansı xarici hərbi mövcudluğa qarşı olduğunu vurğulayıb.
Əslində Rəisinin bu mövqeyi ermənipərəst rus politoloqun fikirlərini təsdiq edir. Yəni Tehran hazırkı hərbi-siyasi vəziyyətdən narahatdır. Bu narahatlığını hər addımda büruzə verməyə çalışır. Söhbət Zəngəzur dəhlizinin yaradılmasından gedir.
Yeri gəlmişkən, bir qədər əvvəl Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin əməkdaşı professor Şiva Əlizadə bildirmişdi ki, Bakı və Ankara “Turan dəhlizi” yaratmağa çalışır. Professorun sözlərinə görə, Bakı və Ankara regionun sərhədlərini dəyişməyə çalışır və İran Cənubi Qafqazda baş verən proseslərlə bağlı ən qısa zamanda təşəbbüs göstərməlidir.
Tehran rəsmiləri birbaşa, açıq deməsələr də, “ekspertlər” vasitəsilə onları narahat edən mövzunun adını qeyd edirlər. İranı narahat edən nə Ermənistanın ərazi bütövlüyü, nə də sərhədlərin toxunulmazlığıdır. Əsas narahatlıq doğuran Mərkəzi Asiya və Qafqazı Türkiyə vasitəsilə Avropaya birləşdirəcək xəttin son halqası hesab olunan Zəngəzur dəhlizidir. Çünki bu dəhliz Çindən Avropaya ən yaxın və rahat marşrut olmaqla iqtisadi dəyərə, Mərkəzi Asiya və Qafqazı Türkiyə ilə birləşdirməklə siyasi dəyər sahib olacaq. Nəhayət, dəhliz İranın Cənubi Qafqaza təsirini minimuma endirir, Türkiyənin regionda dominantlığını artırır. Bu isə Cənubi Qafqazı öz təsir dairəsi hesab edən İran üçün yeri doldurulmayacaq itkidir. Bu səbəbdən də Tehran hər vasitə ilə Zəngəzur dəhlizi layihəsinə mane olmağa çalışır.
Rusiyanın bu layihəyə taktiki olaraq loyal yanaşması və maneə yaratmaması Tehranın işini çətinləşdirir. İran XİN başçısı Abdullahianın ötən il Moskvadan əliboş qayıtması Tehranın Cənubi Qafqazda təkləndiyini, daha doğrusu yalnız məğlub Ermənistana ümid bağlaya biləcəyini göstərdi. İndi Tehranın əlində yeganə rıçaq Ermənistandır. Ancaq Ermənistan rəhbərliyinin sürüşkən siyasi gedişləri Tehranı məyus edir.
İbrahim Rəisinin Nyu-Yorkda Fransa prezidenti ilə görüşündə Emmanuel Makronun İranla regional mövzularda birgə əməkdaşlıq barədə təklifində heç şübhəsiz ki, Cənubi Qafqaz siyasəti də yer alır. Çünki Yaxın Şərq regionunda kifayət qədər mövqeləri zəifləyən Fransanın İranla əməkdaşlığa seçimdən daha çox məcburiyyətdir. Ermənistan məsələsində Fransa və İranın mövqelərinin uzlaşması onu deməyə əsas verir ki, dəhliz layihəsində Fransa da İran qədər narahatdır.
Ancaq İran və Fransanın Cənubi Qafqazla bağlı fəallığı nə qədər təsirli ola bilər? Fransanın bu regiona hərbi təsir imkanları yox səviyyəsindədir. İran isə yalnız Azərbaycana hərbi təzyiq etməyə çalışır. Lakin əgər söhbət Rusiyanın egidası altında imzalanmış 9 noyabr sazişinin reallaşmasından və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından gedirsə, əlbəttə Tehranın Tarasovun dediyi kimi, müdaxilə imkanları sıfıra düşür. Çünki əvvəla, sazişin əsas təminatçısı Rusiya olacaq. İkincisi, Azərbaycan tərəfdən qarant ölkə kimi Türkiyə çıxış edəcək. Avropa İttifaqı isə bu sazişə siyasi dəstək verəcək. Bu halda İranın bu sazişə və ya layihəyə müdaxilə imkanları minimuma enir. Tehranın yeganə ümidi indi İrəvandır. Yalnız İrəvan vasitəsilə İran prosesə müdaxilə etmək, dəhliz layihəsinə mane olmaq istəyir.
Bu isə həddən artıq riskli bir yoldur. Çünki İrəvanın sazişdən imtinası Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurmaya səbəb ola bilər. Buna qarşı çıxmaq İrəvan üçün yaxşı heç nə vəd etmir.
Bu mənada Tarasovun İranın sazişi tanınmayacağı barədə ehtimalı əsası olmayan fərziyədir. Çünki əgər sülh sazişi və dəhliz iki ölkə arasında razılaşdırılarsa, İranın buna müdaxilə etmək imkanı olmayacaq. Bu zaman Tehran istər-istəməz Bakı ilə bazarlıq masasına oturmalı olacaq. Burda isə əsas mövzu dəhlizdən iqtisadi pay almaq və regional siyasətdə iştirak payı almaqdır. Bu mənada rəsmi Bakının Tehranla bağlı arxayın davranışının arxasında da bu amil yatır. Güman ki, Azərbaycan Prezidentinin Tehrana planlaşdırılan səfəri zamanı İranı razı salacaq müəyyən təkliflər irəli sürüləcək və ortaq razılıq əldə olunacaq.
Çünki nəzərə almaq lazımdır ki, Paris və Tehranın Cənubi Qafqaza müdaxiləsi indi Rusiyaya da sərf etmir. Bu mənada indi şərti Qafqaz “altılığı” yaranıb. Bir tərəfdə Azərbaycan, Türkiyə və Rusiya, digər tərəfdə isə Ermənistan, İran və Fransa var. “Daşların bu şəkildə düzülüşü” hələlik Azərbaycanın xeyirinədir.
“Yeni Müsavat”