Ermənistanın xəbər agentliyini EANA-ya üzv qəbul etmədilər

Ermənistanın xəbər agentliyini EANA-ya üzv qəbul etmədilər backend

İsveçrənin Sürix şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyasının növbəti toplantısı keçirilib.

Toplantıda 2008-ci ildən Alyansın üzvü olan AZƏRTAC da iştirak edib.

Alyansın prezidenti, Avstriyanın APA agentliyinin rəhbəri Klemens Piq gündəlikdəki məsələləri müzakirəyə çıxararaq qeyd edib ki, alyans üzv agentliklər üçün daha faydalı olmaq, qurumda təcrübə mübadiləsini genişləndirmək istiqamətində layihələrini davam etdirəcək.

Assambleya çərçivəsində qurumun idarəedici orqanına seçkilər keçirilib. Böyük Britaniyanın “Press Association” (PA) agentliyinin icraçı direktoru Klayv Marşalın Alyansın Büro üzvü kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onun yerinə İtaliyanın ANSA agentliyinin baş direktoru Stefano de Alessandrinin namizədliyi səsə qoyularaq qəbul olunub.

Həmçinin təşkilatın Mükəmməllik Mükafatının qaliblərinə - İspaniyanın EFE və Böyük Britaniyanın PA agentliklərinə diplomlar təqdim edilib.

Baş Assambleyada EANA-ya üzvlük üçün müraciət edən bir neçə ölkənin milli informasiya agentliyinin namizədliyi səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə əsasən, Ermənistanın “Armenpress” agentliyinin namizədliyi qəbul edilməyib. “KosovoPress” agentliyi səs çoxluğu ilə EANA-nın üzvü seçilib.

Alyansın növbəti toplantılarının Brüssel, Paris və Lissabon şəhərlərində keçirilməsi qərara alınıb. Eyni zamanda, “Anadolu” Agentliyi növbəti toplantılardan birinin Türkiyədə təşkil olunmasını təklif edib.

Diaspora