Moskva Şəhər Məhkəməsi Moskva bələdiyyəsinin deputatı Aleksey Qorinov haqqında “humanist” qərar çıxararaq onunla bağlı “ordu haqqında yalan məlumat yaydığına və Rusiya silahlı qüvvələrini gözdən saldığına görə” verilən həbs müddətini bir ay azadıb.
Musavat.com “Radio Svoboda”ya istinadən xəbər verir ki, Aleksey Qorinov 7 il əvəzinə 6 il 11 ay koloniyada qalmalı olacaq.
Qeyd edək ki, Krasnoselski rayon məclisinin deputatı A.Qorinov müharibə əleyhinə bəyanatlara görə məhkum edilib. O, vaxtilə deputatlar şurasının iclasında Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi xüsusi əməliyyatı müharibə adlandırıb, həmçinin ukraynalı uşaqların ölümünə görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını söyləyib.
Qorinov Moskva Şəhər Məhkəməsində son çıxışını edib. Orada o, bununla bağlı mövqeyini bir daha təsdiqləyərək, Ukraynadakı müharibənin Rusiyanı siyasi, iqtisadi və mənəvi fəlakətə apardığını bildirib.
“Biz Avropa ölkəsində İkinci Dünya müharibəsindən bəri görünməyən dağıntıları müşahidə edirik. Hər iki tərəfdən on minlərlə ölü və yaralı var. Milyonlarla insan öz yurdunu tərk edib. Eyni zamanda bizə hər gün və hər saat bu müharibənin sülh naminə olduğunu deyirlər. Bizə bir-birini öldürməyin düzgün və normal hərəkət olduğunu öyrədirlər. Xeyr! Bu, normal deyil”, - deyə deputat qeyd edib.
Qorinovun sözlərinə görə, onun günahı ancaq Ukrayna xalqı və dünya ictimaiyyəti qarşısındadır: “Təqsirim budur ki, mən öz ölkəmin vətəndaşı kimi heç nə edə bilmədim, bu çılğınlığın qarşısını ala bilmədim”.
Ümumilikdə, Rusiyada 10-dan çox adam “ordu haqqında yalan məlumatlar yaymaq” maddəsi ilə həbs edilib. Aleksey Qorinovun həmkarları İlya Yaşin və Yelena Kotyonoçkinaya qarşı da eyni maddə üzrə cinayət işi açılıb. Yaşin artıq həbs olunub, Kotyonoçkina isə Rusiyanı tərk etməyə macal tapıb.