Rusiya Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində verilmiş qondarma pasportları tanımır, onların sahibləri də Rusiya Federasiyası sərhədindən buraxılmır.
Musavat.com xaric agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, Ukrayna müdafiə qüvvələrinin hücumundan sonra Donetsk və Luqanskın rusiyapərəst sakinlərinin əhval-ruhiyyəsi kəskin şəkildə dəyişib. İnsanlar qondarma “xüsusi əməliyyat”ın gedişindən və Rusiya hökumətinin mövqeyindən narazıdırlar. Onlara görə, Rusiya Federasiyası “respublikaların” maraqlarını təslim edir. Adları çəkilən vilayətlərin ərazisində verilən pasportların Rusiya ərazisində heç bir hüquqi qüvvəyə malik olmadığı məlum olduqdan sonra bu hisslər daha da güclənib.
Bundan əlavə, RF ordusunun 14-cü xüsusi təyinatlı briqadasının (74854 saylı hərbi hissə) şəxsi heyəti arasında dekabrın 1-dək “xüsusi hərbi əməliyyat”ın mərhələlərindən birinin başa çatdırılması barədə məlumatlar yayılır.
Kəşfiyyat məlumatlarına görə, bundan sonra Rusiya hərbi birləşmələrinin nizami bölmələrinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin bir hissəsindən çıxarılması planlaşdırılır. Bu ərazilər qondarma 1-ci (Donetsk) və 2-ci (Luqansk) ordu korpusu kimi “könüllü batalyonlar”ın nəzarətinə veriləcək.