Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yeganə işləyən reaktorun da fəaliyyətinin dayandırılmasını mümkün hesab edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AEBA rəhbərinin qurumun saytında yerləşdirilən bəyanatında deyilir.
“Enerqodar şəhərini qidalandıran enerji infrastrukturu İES-dəki paylayıcı stansiyanın atəşə tutulması nəticəsində məhv edilib. Bu, Enerqodarda işıqların tamamilə kəsilməsinə səbəb olub. Stansiyanın xarici enerjisinin bərpa olunacağına artıq inamı olmayan AES operatoru yeganə işləyən reaktorun işini dayandırılması variantını nəzərdən keçirir”, - məlumatda bildirilir.
Bu halda bütün ZAES enerji bloklarının soyudulması da daxil olmaqla, stansiyanın fiziki və nüvə təhlükəsizliyi ilə bağlı həyati vacib funksiyaları təmin edəcək qəza durumları üçün nəzərdə tutulan dizel generatorlarından tamamilə asılı olacaq. Bu şərtlər altında, AEBA hesab edir ki, stansiya operatoru artıq xarici enerji təchizatını tam bərpa etmədən reaktorları yenidən işə sala bilməyəcək.
Qrossi ZAES bölgəsində bütün atışmaların dərhal dayandırılmasını tələb edib.
“Yalnız bu, təhlükəsizliyi təmin edəcək. Enerqodarın və zavodun enerji təchizatının daimi bərpasına imkan verəcək. Bu hadisələr ZAES ətrafında nüvə təhlükəsizliyi və mühafizə zonasının dərhal yaradılmasının zəruriliyini nümayiş etdirir. Bu, bizi nüvə qəzası təhlükəsi olmayacağına dair əmin etməyin yeganə yoludur”, - Qrossi bildirib.