Bu ilin fevral ayının 24-də Rusiya təkcə Ukraynaya deyil, bütün Avropaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.
Rusiya ukraynalıları raket və tanklarla, avropalıları isə enerji şantajı, inflyasiya və təbliğatla vurur. Əslində, o andan etibarən açıq şəkildə ideologiyalar müharibəsi - avtokratiyaların demokratik dünyaya qarşı müharibəsi gedir.
Bunu Qaziler.az-a Ukraynadakı mənbə bildirib. O, Ukraynada Rusiyanın başladığı müharibənin səbəbinə bir daha toxunaraq bu savaşın nəticələrinin Avropanın gələcəyinə, Avropa insanının həyatına göstərəcəyi təsirdən danışıb:
"Müharibə birdən başlamadı. Müəyyən mənada Qərb Moskvaya təcavüz üçün lazım olan bütün resursları verməklə Rusiyanı müharibəyə bir növ "təhrik etdi". 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə Avropa İttifaqı düzgün reaksiya vermədi və Rusiyanın Krımı işğal etməsinə, Ukraynanın şərqində kriminal anklavlar yaratmasına lazımi reaksiyanı vermədi. Bunun müqabilində Qərb Moskvadan qaz və neft tədarükünü fəal şəkildə artırdı. Əgər 2013-cü ildə Avropa 218 milyard kubmetr qaz idxal edibsə, 2019-cu ildə bu, artıq 229 milyard, neft isə 327 milyon tondan 2021-ci ildə 374 milyon tona çatıb.
Krımın ilhaqından, yəni 2014-cü il fevralın 20-dən, 2022-ci ilin əvvəlinə qədər Avropa Kremlə neftə görə 1,389 trilyon dollar, qaza görə isə 354 milyard dollar ödəyib. Yəni Moskva Qərbdən ümumilikdə 1,743 milyard dollar alıb ki, bu da Rusiyaya orduya xərcləri sistemli şəkildə artırmağa imkan verib.
Ümumilikdə Aİ-nin 10 ölkəsi Rusiyaya 350 milyon avro dəyərində hərbi texnika verib. Söhbət tanklar üçün mühərriklər və termal kameralar, raketlər və qırıcılar üçün istiqamətləndirmə sistemləri və s.-dən gedir. İndi Rusiya bu silahlarla Ukraynaya qarşı döyüşür.
Avropa öz növbəsində Ukraynanı 2022-ci ilə qədər “öldürücü silah”la heç təhciz etmədi və bu isə da rus təcavüzkarı "sakitləşdirdi". Ona görə də Putin müharibəni başladı. Çünki əmin idi ki, Qərb ölkələri Rusiya təcavüzü ilə mübarizədə qətiyyət göstərməyəcək.
Avropanın Rusiyadan struktur enerji asılılığının azaldılması böyük əhəmiyyət kəsb edir. Rusiyanın enerji mənbələrindən imtinası bir sıra ölkələr üçün əhəmiyyətli iqtisadi itkilər deməkdir. Lakin məhz bu, Avropa qitəsində sülhün bədəlidir. Enerji asılılığı Putinin Ukraynaya qarşı tammiqyaslı hücum üçün ilkin hesablamalarında mühüm rol oynayıb.
Avropa vətəndaşları arasında bunun yalnız Ukraynaya aid olduğunu düşünən varsa, onlar sadəlöhvdür. Putin avropalıların normal həyatını dağıtmaq istəyir. Odur ki, Ukraynanın məğlubiyyəti nəinki Putini Avropa üçün növbəti aqressiv planları həyata keçirməyə mane olmayacaq, əksinə, Qərbin cəmiyyət modelinin üstünlüyü haqqında düşünmə paradiqmasını həmişəlik dəfn edəcək.
Moskva “Varşava Müqaviləsi”nin bütün ölkələrini, yəni Avropanın şərq hissəsini özünün təsir zonası hesab edir. Putin NATO-dan 1997-ci il sərhədlərinə “qayıtmağı” tələb edərkən məhz bunu nəzərdə tuturdu. Ona görə də Ukraynadan sonra Moldova və Baltikyanı ölkələr Rusiyanın təcavüz obyekti ola bilər.
Bu gün Ukrayna Putinin aqressiv planlarına mane olur. Ukrayna qalib gələrsə Avropa və bütün dünya təhlükəsiz şəraitdə olacaq. Tərəfdaşlarının kifayət qədər dəstəyi olarsa Ukrayna öz ərazisində Putini məğlub edə və onun Aİ-nin hər bir vətəndaşı üçün daha çox problem yaratmasının qarşısını ala biləcək gücə malikdir.
Ukraynaya dəstək xeyriyyəçilik deyil, Avropa ictimaiyyətinin ümumi praqmatik marağıdır. Güclü və yaxşı silahlanmış Ukrayna Avropanın uzunmüddətli təhlükəsizliyinə, hər bir Avropa ailəsinin rifahına və sabitliyinə ən yaxşı sərmayədir.
Rusiya səbirsizliklə gözləyir ki, nəhayət, Ukrayna nə vaxt müqavimət göstərməyi dayandıracaq və təslim olmağa razı olacaq. Müvəqqəti atəşkəs heç nəyi dəyişməyəcək. Rusiyanın təcavüzdən əldə etdiyi istənilən uğur yalnız daha böyük problemlərə yol açacaq və bir sıra Avropa ölkələrində daxili siyasi vəziyyəti pozacaq.
Bu gün Ukrayna cəmiyyəti yalnız özünün deyil, bütün Avropanın gələcəyi üçün mübarizə aparır. Ona görə də Ukraynaya böyük həcmdə müasir silahların tədarükü demokratiyanın Putin Rusiyası üzərində qələbəsini təmin edə bilər"-deyə o bildirib.