Rusiya ordusunun Zaporojye Atom Elektrik Stansiyasını atəş altında saxlaması fonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) stansiyada missiyaya başlayıb.
Agentliyin baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi missiya iki gündür ki, Kiyevə gəlib.
Onun sözlərinə görə, agentliyin mütəxəssisləri cari həftə ərzində Enerqodara səfər edəcəklər. Bununla belə, Rafael Qrossi səfərin dəqiq tarixini açıqlamayıb. Bildirilib ki, MAQATE missiyasının tərkibinə 14 nəfər daxildir.
Qrossinin sözlərinə görə, müfəttişlər hərbi əməliyyatlar nəticəsində Zaporojye Atom Elektrik Stansiyasına dəyən zərəri, strateji əhəmiyyətli obyektin mühafizə və təhlükəsizlik sistemlərinin işləmə qabiliyyətini qiymətləndirməlidirlər.
Qeyd olunub ki, MAQATE mütəxəssisləri həmçinin stansiya personalının iş şəraitini qiymətləndirməli və stansiyanın təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməlidirlər. "Çernobıl faciəsinin təkrarlanmasının qarşısının alınması MAQATE-nin əsas vəzifəsidir".
"Hazırda atom stansiyası ətrafında vəziyyəti çox təhlükəli adlandırmaq olar. Avqustun 5-dən etibarən rus qoşunları ağır artilleriyadan istifadə etməklə Zaporojye AES-in ətrafını sistematli şəkildə atəş altında saxlayır, mərmilərin bəziləri reaktorlardan təhlükəli məsafədə düşür".
Bununla bağlı Qaziler.az-a danışan Ukraynadakı mənbə bildirir ki, belə təhlükələri Rusiya qoşunları yaratsa da Rusiya rəsmiləri və təbliğatı ardıcıl olaraq Ukrayna Silahlı Qüvvələrini bu cür hücumlarda ittiham edir.
Ukraynadakı hazırkı hərbi vəziyyət haqda danışan mənbə qeyd edib ki, iyulun sonu, avqustun əvvəlində Rusiyanın Ukraynanın cənub-şərqindəki hücumları indi xeyli səngiyib. Cəbhənin bəzi istiqamətlərində Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının işğal etdiyi yaşayış məntəqələrini azad edərək əks hücuma keçib.
"Yuxarıda qeyd olunanlar kontekstində Rusiya Federasiyası Avropaya yönəlik nüvə şantajını aktivləşdirib, atom elektrik stansiyasını daimi atəşə tutulmaqla süni şəkildə texnogen fəlakət riskini yaratmaqdadır.
Rusiyalı kuratorlar Zaporojye AES-in generatorlarını Ukraynanın enerji sistemindən ayırmaq və beləliklə elektrik stansiyasını tamamilə dayandırmaq istəyirlər.
Bununla da işğalçılar AES-i Rusiyanın enerji sisteminə qoşmaq fikrindədirlər.
Rusiya şüurlu şəkildə Avropanın ən böyük AES-i bazasında mümkün radiasiya fəlakəti ilə bütün sivil dünyanı qəsdən şantaj edir, Zaporojye Atom Elektrik Stansiyasında radiasiya qəzasından qorunma imkanlarını addım-addım məhv edir.
Bu, şüurlu olaraq siyasi məqsədlər üçün istifadə olunan nüvə terrorizmidir. Cəbhədə gücsüz olan Putin geosiyasi "şıltaqlıqlar"ı naminə milyonlarla insanı məhv etməyə hazırdır. Bəşəriyyət 21-ci əsrin ən böyük hərbi cinayətkarını düzəldilməsi mümkün olmayacaq hadisə baş verməmiş dayandırmalıdır. Bu mənada MAQATE-nin səfərini təkcə Ukraynanın deyil, həm də Avropanın nüvə təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə aktual adlandırmaq olar" - deyə mənbə vurğulayıb.