"Yaxın aylarda ABŞ və Almaniyanın hava hücumundan müdafiə sistemləri işə salınacaq ki, bu da Ukrayna səmasını demək olar ki, tamamilə qoruyacaq və bununla da Rusiyanı son alətindən məhrum edəcək".
Modern.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
Onun sözlərinə görə, hər şey Ukraynanın xeyrinə çoxlarının düşündüyündən də yaxşı gedir:
“Ən gözlənilməz hadisə cəbhədə baş verir - yaxın vaxtlara qədər Rusiyanın tam üstünlüyə malik olduğu Donbasda hər şey dəyişib. Artilleriya pariteti quruldu və son günlər ukraynalılar silah anbarlarını intensiv şəkildə məhv etməyə başladılar. Şoyqu etiraf edib ki, rus ordusu artıq irəliləyə bilməz".
Saakaşvilinin fikrincə, əraziyə nəzarət planı uğursuz olduğu üçün referendum planları da ləğv edildi:
"Söhbət praktiki olaraq rusların ala bilmədiyi Donetsk vilayətlərindən gedir. Donbasın digər hissələrini demirəm, Ukraynanın nəzarətində olan Donbas, Slavyansk və Kramatorsk kimi iri şəhərlərin ələ keçirilməsindən ümumiyyətlə danışmağa dəyməz. Deyə bilərəm ki, Zelenski həmişəkindən daha əmindir. Qələbəyə olan bu inam bir milyon Ukrayna əsgərinin fədakarlığına və peşəkarlığına əsaslanır. Pentaqon Ukrayna ordusunun effektivliyini "10 ballıq şkala üzrə 12" olaraq qiymətləndirib. Vaşinqtonun fikrincə, ukraynalılar Qərb silahlarından hər kəsin təsəvvür etdiyindən daha səmərəli istifadə edir. Bir sözlə, hər şey çoxlarının düşündüyündən də yaxşı gedir".