Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müharibənin gedişatından asılı olaraq Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Dmitri Medvedev eyni zamanda Rusiya hədəflərinə çatana qədər hərbi əməliyyatını dayandırmayacağını da bildirib.
Müharibənin bitəcəyi ilə bağlı ümidlərə qapını bağlayan Medvedev açıqlamasında “Kiyev NATO-ya üzvlüyünü dayandırsa belə, Rusiya davam edən hərbi əməliyyatlarını dayandırmayacaq”, -deyə qeyd edib.
Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibə 6 ayı geridə qoyub. Bölgədən acı xəbərlər gəlməyə davam edərkən, Türkiyənin tərəflər arasında sülh danışıqlarına başlamaq üçün yol axtarır.
Ancaq Rusiya və müttəfiqlərinin son bəyanatları regionda gərginliyi artıracaq. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya qarşı başlatdıqları əməliyyatın uzun müddət davam edə biləcəyinə işarə edib.
Medvedev həmçinin açıqlamasında bildirib ki, ABŞ tərəfindən Ukraynaya göndərilən HIMARS reaktiv yaylım atəşi sistemləri müharibədə ciddi təhlükə yaratmır. Lakin o, ABŞ-ın göndərdiyi silahların daha uzaq məsafələrdəki hədəfləri vura bildiyi təqdirdə bunun dəyişə biləcəyini bildirib.
Regionda gərginliyi artıran daha bir bəyanat dünən Belarus lideri Aleksandr Lukaşenkodan gəlib. Lukaşenko, Rusiya prezidenti Putinlə bağladıqları müqavilə çərçivəsində bəzi döyüş təyyarələrinin nüvə silahı daşıma xüsusiyyətlərinə görə dizayn edildiyini bildirib.