Əgər problem yaradacaqlarsa dərhal cavab veriləcək...
Belarus prezidenti Aleksandr Lukaşenko dünyanı narahat edən açıqlama verib.
Qaziler.az Musavat.com-a istinadla xəbər verir ki, Lukaşenko ölkəsinə məxsus döyüş təyyarələrində dəyişikliklər edildiyini, SU-24 tipli döyüş təyyarələrinin artıq nüvə silahı daşıya biləcəyini bildirib.
“Onlar (Qərb) anlamalıdırlar ki, gərginliyi artırmağı seçsələr, heç bir helikopter və ya təyyarə onları xilas edə bilməyəcək”, - deyə Lukaşenko bildirib.
Rusiya-Ukrayna müharibəsi davam edərkən Belarus prezidenti Aleksandr Lukaşenkonun bu açıqlamaları bir çöx ölkəni narahat edib.
“Belta” xəbər agentliyinin məlumatına görə, Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə Belarus döyüş təyyarələrinin modernləşdirilməsi ilə bağlı razılıq əldə etdiyini bildirib.
Rusiyanın yaxın müttəfiqi olan Belarusun nüvə silahı yoxdur. Lukaşenko nüvə silahının Moskvadan Belarusa daşınmasının necə həyata keçiriləcəyi barədə məlumat verməyib.
Lukaşenko Belarusla həmsərhəd olan və NATO üzvü olan Polşanın yaratdığı təhdidlərdən də danışəb. Varşavadakı siyasətçilərdən fərqli olaraq Polşa ordusunun Minskin istənilən gərginliyə necə cavab verə biləcəyini anladığını qeyd edib.
"Belarusla gərginlik yaratmaq, nüvə silahına malik (Rusiya-Belarus) İttifaq dövlətinə qarşı gəlmək deməkdir, ki, bu da ağıllı fikir deyil. Əgər problem yaradacaqlarsa dərhal cavab veriləcək", - deyə Lukaşenko bildirib.