Rusiyanın silah və hərb texnikasının yerlə bir olan imici - Qərb silahlarını öyrənirlər...

Rusiyanın silah və hərb texnikasının yerlə bir olan imici -  Qərb silahlarını öyrənirlər... backend

Ukrayna müharibəsində Rusiyanın silah və hərbi texnikasının imici darmadağın oldu. Uzun zamandan bəri belə fikirlər vardı ki, Rusiya hərb sənayesi öz qüdrətini saxlayır, yenilənir, onun silah-sursatı, texnikası ilə bacarmaq çətindir.

Ancaq Ukraynada rus silahı Qərb silahlarına heç də üstün gələ bilmir, əksinə, bir sıra məqamlarda uduzur. Bu o deməkdir ki, müasir dünyada artıq təsəvvürlərdəki “güclü rus hərb sənayesi” yoxdur, 90-cı illərdən sonra inkişaf edə bilməyib.

Rusiyanın müdafiə nazirinin bir açıqlaması da bu acizliyə dolayısı ilə işarə sayıla bilər. Sergey Şoyqu deyib ki, rusiyalı mütəxəssislər Ukraynada ələ keçirilən xarici hərbi texnikanı diqqətlə öyrənir, həmçinin onun qarşısının alınması yollarını işləyib hazırlayırlar.

Sitat: “Təbii ki, həm elmimiz, həm də sənayemiz onlarla ələ keçirilən silahlarla məşğul olur. Biz iki tərəfdən baxırıq. Birincisi, bu silahlarla döyüşmək bacarığı, necə və nəylə qarşı çıxmaq olar? Digər tərəfdən öyrənilir ki, onunla nəyi vurmaq olar, əsas çatışmazlıqları nədir?”

Burada təbii ki, Qərb silahlarına qarşı alternativlər hazırlamaq planı və perspektiv üçün hazırlıqlar amili var. Əsas ortaya çıxan fakt isə odur ki, Rusiyanın indiyədək müasir NATO silahlarının imkanları barədə ciddi məlumatları olmayıb, yaxud onları ciddiyə almayıblar. Ona görə də Ukraynada heç də asanlıqla döyüşə bilmirlər.

Beləliklə suallar doğurur, Rusiya hərb sənayesi niyə inkişaf edə bilməyib? Bundan sonra inkişafı realdırmı? Qərb silahlarına alternativlər hazırlaya biləcəklərmi?

Mövzu ilə bağlı tanınmış hərbi ekspert, polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a danışıb:

“Rusiyanın uzun illər özünə vurğun, güvənli olması məsələni bu həddə gətirib çıxartdı. Rusiyalı mütəxəssislər özlərini guya SSR-nin varisi sayır, daha böyük biliyə və bacarığa malik olduqlarını düşünürdülər.

 

Üzeyir Cəfərov: “Sən demə, Rusiya ordusu yalnız və yalnız hərbi  paradlarda və yaxud hansısa sıralarda gözəl və vahiməli görünürmüş”

Məlum olduğu kimi keçmiş SSRİ zamanında Rusiya hərbi sahə ilə bağlı daima 15 respublikadan olan mütəxəssislər, institutlar ilə birgə çalışırdı,  buna görə də böyük çətinlik yox idi, pis-yaxşı nəsə təşkil olunmuşdu. Lakin SSRİ dağıldıqdan sonra bu əlaqələr məhdudlaşdı, ayrı-ayrı hərbi sənaye kompanentləri verən Baltikyanı, Zaqafqaziya, Orta Asiya respublikaları yavaş-yavaş çəkilməyə başladı. Bu isə Rusiya üçün çətinlik yaratmağa başladı.

Hərb sənayesində texnologiyanın inkişafı üçün böyük pullar lazım idi və Rusiya bu pulları sərf etmək istəmədi. Qərb isə bu sahəyə yetərincə pullar yönəltdi. Bu gün Rusiyanın Ukraynada Qərb silahlarının, artilleriyalarının, müasir tanklarının qarşısındakı üzləşdiyi aciz durum məhz bu yanaşmanın nəticəsi idi.

Rusiya uzun müddət boş qazan kimi guruldayırdı ki “nüvə silahımız, gücümüz var” və sairə. Sən demə Rusiya Federasiyasının ordusu yalnız və yalnız hərbi  paradlarda və yaxud hansısa sıralarda gözəl və ya vahiməli görünürmüş. 2022-ci ilin fevralın 24-də Ukraynaya müdaxilədən sonra bütün dünya gördü ki, Rusiya ordusu deyilən və düşünülən qədər güclü deyilmiş".

Üzeyir Cəfərov bu gün Rusiyanın çox kritik  vəziyyətdə olduğunu qeyd etdi:

“Bəs bundan sonra Rusiyanın hərbi sənaye kompleksini inkişaf etdirmək imkanları olacaqmı? Mən deyirəm ki, heç bir halda olmayacaq. Pulları nə qədər çox olsa da elmi-tədqiqat institutlarında hazırlamaq, onu ərsəyə gətirmək, daha sonra onları hərbi hissələrdə və poliqonlarda sınaqlardan keçirmək üçün on illiklər lazım olacaq. Baxmayaraq ki, bir müddət bundan əvvəl Rusiya Prezidenti Sankt-Peterburq və Leninqrad şəhərlərində keçirilən hərbi dəniz qüvvələrinin paradında yüksək fikirlər səsləndirmişdi. Xatırlayırsınızsa, onun üzərindən üç gün keçməmiş reaktiv mərmiləri ilə bağlı böyük səs-küy yarandı və bununla nəticələndi ki, həmin raketlərin mütəxəssisi həbs olundu. Belə ki, Rusiya deyirdi ki, qısa müddətə həmin reaktiv raketlərin istehsalına başlayacaq və o silahlarla dünyanı lərzəyə gətirəcəklər. Lakin mühəndis bildirdi ki, səsləndirilən iddiaları yerinə yetirmək mümkün olmayacaq, ardınca buna görə onu həbs etdilər. 

Ümumiyyətlə, Ukrayna müharibəsi başlayandan Rusiya Müdafiə Nazirliyinə tabe olan xeyli sənaye müəssisələrinin rəhbərləri həbs olunub. Onları günahlandırırlar ki, “niyə siz ordunu təchizat işi ilə təmin edə bilmirsiniz”.

Bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqu gəmi əleyhinə olan güclü hipersəs  raketlərin seriya buraxılışını elan etdi. Amma bu mümkün deyil. Yəni Rusiya hər yerdən ağır məngənəyə salınıb, artıq ölkələrdən ona silah komponentləri göndərilmir. Bununla da onu deyə bilərəm ki, Rusiyanı böyük fəlakətlər gözləyir, yaxın bir neçə aya xüsusən də hərbi sahədə çox ağır duruma düşəcək. Onun artıq gücü yoxdur. Ukraynada olan-qalan 100 minlərlə əsgərləri də döyüşə girməkdən imtina edirlər. Ona görə ki, Amerikadan alınan raket komplekslərin, İngiltərədən, Kanadadan, Almaniyadan, digər ölkələrdən alınmış 21-ci əsrin tələblərinə cavab verən ən müasir silahların, sursatların qarşısında acizdir, heç nə edə bilmir.

Bundan sonra  Rusiyanın silahlarına heç maraq da olmayacaq. Məlum olduğu kimi, sentyabrın 6-9-da Bakıda böyük 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - “ADEX 2022" işə başlayacaq. Baxaq görək o sərgidə Rusiya hansısa  müasir tələblərə cavab verəcək silahlar göstərə biləcəkmi? Lap görsətsə də, pavilyonda ona maraq olacaqmı? Maraq yalnız qardaş Türkiyənin, İsrailin, Pakistanın, hətta Cənubi Afrika ölkələrinin silahlarına qarşı olacaq. Yəni, o ölkələr ki, 21-ci əsrin tələblərinə uyğun öz ordusunu və hərbi sənaye kompleksini qurmağı düşünür,  lazım olan addımı atırlar.

Rusiya özünü çox bərbad vəziyyətə saldı. Doğrudur, ona hələ ki, neft-qaz pulları gəlir, amma bəlli bir dönəmdən sonra, yəni 2022-ci ilin sonlarında görəcəksiz, Rusiya hansı fəlakətlərlə baş-başa qalacaq".


“Yeni Müsavat”

Diaspora