"Mənim hazırki reytinqim prezidentin reytinqidir, mən heç vaxt özümü prezidentdən ayırmıram..."
"Arestoviç həm də kino aktyorudur, "Muxtarın qayıtması", "Qardaş-2", ümumilikdə 13 kinofilmə çəkilib..."
Ukraynanın əsas seks rəmzinin könlündən Ukrayna prezidenti olmaq keçir...
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri, hərbi icmalçı Aleksey Arestoviç Ukraynanın dövlət başçısı postuna namizədliyini bir şərtlə irəli sürə bilər.
Moderator.az xəbər verir ki, bu barədə o, jurnalist Dmitri Qordona verdiyi müsahibəsində danışıb.
Aleksey Arestoviç Vladimir Zelenskini ikinci müddətə getməyəcəyi təqdirdə növbəti prezident seçkilərində öz namizədliyini irəli sürməyə hazırdır. Onun sözlərinə görə, onun indiki yüksək reytinqi Ukrayna prezidentinin xidmətidir və o, birlikdə işlədiyi insanları pis vəziyyətdə qoymaq niyyətində deyil.
"Mən indi sizə heç kimə demədiklərimi söyləyəcəyəm. Hamı mənim hansısa inanılmaz reytinqimdən danışır. Qoy olsun. Amma mənim reytinqim hazırda prezidentin reytinqidir. Mən heç vaxt özümü prezidentdən ayırmıram. Mən heç vaxt birgə işlədiyim adamları pis vəziyyətdə qoymaram. Mənim fərqli fikrim ola bilər, amma heç vaxt bunu büruzə vermirəm. Mənim artıq təcrübəm var, ayyarım Ofisdən getdim, kimsə məndən heç nə eşitmədi. Ona görə də hələlik, prezident və Ali Baş Komandanımız var, hərbi
vəziyyətdir...Prinsipcə, bu söhbətləri aparmaq mənim üçün o qədər də korrekt deyil", - Arestoviç izah edib, bu zaman Qordonla gəzişərək, öz heyranlarının heyrət dolu baxışlarını sezib.
Müşavir etiraf edib ki, onun prezidentlik ambisiyaları var və Zelenski ikinci müddətə getməsə, öz namizədliyini irəli sürməyə hazırdır. Onun sözlərinə görə, hakimiyyətə yaxın olmağını o, öz reytinqini artırmaq kimi yox, daha çox vətəndaşlara yardım etmək imkanı kimi dəyərləndirir.
"Nədən mən bu tarixçəyə düşmüşəm? Sonradan anlamışam. Mən bunun necə işlədiyini görmüşəm. Mən harada çatışmazlıqların olduğunu və nə etməli olacağımızı anlayıram", - Arestoviç deyib və Andrey Yermakın digər müşaviri Mixail Podolyakla, guya, siyasi partiya yaratmağı planlaşdırdıqları barədə şayiələri təkzib edib. "Bunlar şayiələrdir", - Arestoviç əmin edib.
Aleksey Arestoviç 3 avqust 1975-ci ildə Gürcüstanda doğulub. Odessada Quru Qoşunlar İnstitutunu bitirib. Sonradan İngiltərədə Beynəlxalq dil məktəbində təhsil alıb. Ukrayna Silahlı Qüvvələrində xidmət keçib (ehtiyatda olan kapitandır). Odessa şəhər şurası Primorsk rayon administrasiyası sədrinin müavini vəzifəsində çalışıb. Kino aktyorudur, ümumilikdə 13 kinofilmdə çəkilib. Onların arasında "Muxtarın qayıtması" və "Qardaş-2" filmlərini göstərmək olar.
2020-ci ilin oktyabrında Ukraynanın şərqində münaqişənin nizamlanması üzrə Minsk danışıqlarında Üçtərəfli təmas qrupunun (ÜTQ) sədri Leonid Kravçuk özünün informasiya siyasəti üzrə müşaviri təyin edib. O, həmçinin Ukrayna nümayəndə heyətinin ÜTQ-də rəsmi spikeri təyin edilib. Sonradan öz xahişi ilə bu vəzifəsindən gedib.
2020-ci ilin dekabrında Arestoviç prezident Ofisinin sədri Andrey Yermakın milli təhlükəsizlik və müdafiə sahələrində strateji kommunikasiyalar üzrə ştatdankənar müşaviri təyin edilib.
Öz məqalələrində Arestoviç Rusiya-Ukrayna cəbhəsində müxtəlif hadisələri, daxili və xarici siyasət məsələlərini təhlil edir, hər axşam rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə yüz minlərlə insanın izlədiyi analitik efirlərdə iştirak edir.
Hələ 2008-ci ildə Dmitri Korçinsklə birgə Rusiyanın Krıma hücumunu proqnozlaşdırıb. Proqnoz özünü dəqiqliklə doğruldub.
Ukraynalı siyasətçi Ukrayna qadınları arasında böyük populyarlıq qazanıb. Onun deməsinə görə, heyranları küçələrdə ona gəzməyə imkan vermir, yaxınlaşıb şəkil çəkdirməyi xahiş edir. Dəfələrlə etiraf edib ki, əks cinsin nümayəndələrinə laqeyd deyil.
Arestoviç ailəlidir, bir oğlu var. Əvvəlki münasibətlərindən 11 və 18 yaşında iki qızı var. 47 yaşlı Arestoviçin sözlərinə görə, gələcək həyat yoldaşı onun müəllifi olduğu psixoloji məktəbində dinləyici olub.
"Mən onu kafeyə apardım. Ona deyirəm: "Vəssalam, sən mənim həyat yoldaşımsan, evlənəkmi?", - Arestoviç danışıb. - Mən dərhal anladım ki, vəssalam, bu, mənim həyat yoldaşımdır".
Arestoviç etiraf edib ki, əvvəlki iki həyat yoldaşları ilə də belə olub, amma adlarını çəkməyib. Siyasətçi qeyd edib ki, indiki və sabiq həyat yoldaşları bir-birilərilə tanışdır və münasibətlər saxlayır.
Müşavirin həyat yoldaşı internetdə əri barəsində təxribatçı və qəzəbli fikirləri görməzdən gəlir. Alekseyin həyat yoldaşı sosial şəbəkələrdə fəal deyil. Onun barədə yeganə informasiya mənbəyi "Facebook"dakı səhifəsidir. Belə qapalı həyat tərzi sürdüyündən onun barəsində məlumat son dərəcə kasaddır.