"Ukraynada müharibənin aktiv mərhələsi bu ilin sonuna qədər bitə bilər. Eyni zamanda Ukrayna hərbçilərinin Xersonu azad etməsi də mümkündür".
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin generalı Dmitri Marçenko bu barədə "RBK-Ukrayna"ya müsahibəsində danışıb.
"Mən proqnoz vermək istəməzdim. Amma vəd edilən, bizə lazım olan miqdarda silahımız olsa, o zaman düşünürəm ki, gələn yaz qələbəni qeyd edə bilərik", - deyə general bildirib.
Marçenkonun sözlərinə görə, Ukrayna artıq İrpen və Buçadan sonra geri dönüş nöqtəsini keçib, ona görə də onun hər hansı ərazisini təslim etməklə bağlı danışıqlardan danışmaq qətiyyən mümkün deyil.
"Əgər bunu etsək, o zaman bu müharibəni sadəcə olaraq övladlarımızın çiyninə atacağıq, düşmənə heç olmasa bir parça torpaq qoysaq, o, evinə qayıdacaq, müəyyən nəticələr çıxaracaq və 6-8 ildən sonra yenidən hücuma keçəcək. Ona görə də biz bütün ərazini müdafiə etməliyik, Ukraynanın bütün sərhədlərini nəzarətə götürməliyik və onlara öz torpağımızdan bir parça belə qoymamalıyıq", - deyə general söyləyib.
General Marçenko Xersonun azad edilməsinin müharibənin aktiv fazasının sonunu gətirəcəyini qeyd edib. Onun sözlərinə görə, həmin proses bu ilin sonuna qədər baş verəcək.
Qeyd edək ki, general Marçenko Xersonun işğaldan azad edilməsi üçün dəqiq şərtləri açıqlamayıb, lakin bunun sürətli proses olacağına əmin olduğunu ifadə edib.