Gürcüstanda Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfər ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.
Nazir həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
O, qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertizanın aparılacağını bildirib.
Qeyd edək ki, həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.
19:20
Gürcüstanda Sərhəd Polisinə məxsus qəzaya uğrayan helikopterdə 8 nəfər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Həmin şəxslərin dördü ekipaj üzvü, ikisi xilasedici, digər ikisi isə tibb işçisidir.
Hadisə yerinə DİN-nin müvafiq qurumları səfərbər olunub, lazımı tədbirlər həyata keçirilir.
Faktla bağlı hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi üzrə araşdırma aparılır.
18:27
Gürcüstanda qəzaya uğrayan Sərhəd Polisinə məxsus helikopterdə 6 nəfər olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
Helikopterdə 7 nəfərin olduğu barədə də məlumatlar var.
Sayla bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
Helikopter paraplanın qəzaya uğraması nəticəsində dağ dərəsinə düşən iki şəxsi xilas etməyə çalışarkən idarəetməni itirib, qayaya çırpılaraq yanıb.
17:27
Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nzirliyindən (DİN) bildirilib.
İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
DİN daha ətraflı məlumat yayacaq.
Qeyd edək ki, helikopter Qudauriyə paraplanın qəzaya uğraması nəticəsində xəsarət alanların xilas edilməsi üçün yollanıb.