Ukraynanın Xerson regionundakı əks-hücumu sürət qazanır.
Apa xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Ukrayna qüvvələri Rusiya işğalındakı Xersonun cənub sərhədindəki İnqulets çayının cənubunda çayı keçmək üçün ərazi yaradıblar.
Əlavə olunub ki, Ukrayna Dnepr üzərindəki ən az üç körpüyə zərbə endirilməsində özünün yeni uzunməsafəli artilleriyasından istifadə edib.
Qeyd olunub ki, bu körpülər Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərə tədarükü baxımından önəm daşıyır. Zədələnən körpülərdən biri Xerson şəhəri yaxınlığında yerləşən 1 kilometr uzunluğundakı Antonivski körpüsüdür.
O da bildirilib ki, Ukrayna qüvvələri ötən həftə zədələnən körpüyə iyulun 27-də növbəti dəfə zərbə endirib və körpü böyük ehtimal ki, artıq istifadəyə yararsızdır.
Məlumatda vurğulanıb ki, Rusiyanın 49-cu ordusu Dnepr çayının qərb sahilində yerləşib və hazırda müdafiəsiz görünür.
Əlavə olunub ki, Xerson şəhəri hazırda işğal edilmiş digər ərazilərdən faktiki olaraq kəsilib və şəhərin geri qaytarılması Rusiyanın işğalı uğur kimi qələmə vermək cəhdlərini əsaslı şəkildə sarsıdacaq.