"Ankara taxıl məsələsi üzrə memorandumun imzalanmasına ümid edir..."
Dünyada aclıq təhlükəsi sovuşur?..
Bu həftə Ukrayna taxılının ixracı barədə memorandum imzalanacaq...
Ankara taxıl məsələsi üzrə memorandumun Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndə heyətlərinin görüşündə imzalanmasına ümid edir.
Moderator.az xəbər verir ki, bu barədə İran səfərindən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Məlumatı "Habertürk" nəşri yayıb.
Ərdoğan xatırladıb ki, Türkiyə Ukrayna taxılının çıxarılması ilə bağlı vəziyyətin nizama salınmasında vasitəçi rolunda çıxış edir və bu problemin həlli üzərində "çoxdan işləyir".
"Biz ümid edirik ki, plan yaxın günlərdə gerçəkləşməyə başlayacaq. Proses İstanbuldakı koordinasiya mərkəzindən həyata keçiriləcək. Ölkəmizlə bərabər, burada Rusiyanın, Ukraynanın və BMT-nin rəsmi şəxsləri iştirak edəcək", - nəşr Türkiyə liderindən iqtibas gətirib.
Gözlənilir ki, taxıl Ukraynanın üç limanından Ukrayna gəmilərində müəyyən edilən dəhlizlərlə çıxarılacaq və bu zaman atəşkəs rejimi qüvvədə olacaq.
Bu zaman Ukrayna qismən Qara dənizdə öz akvatoriyasını minalardan təmizləyəcək, Türkiyə isə öz üzərinə nəzarətçi rolunu götürəcək, taxıl daşıyan gəmilərə Ukraynaya Qərb istehsalı olan silahın daşınmamasını üçün nəzarət edəcək.
Xatırladaq ki, Ukrayna ərazisinə soxulandan sonra Rusiya Ukraynanın 95 faiz kənd təsərrüfatı məhsullarını çıxardığı Qara dənizdəki limanlarını ələ keçirib və ya blokada edib.
İyunun sonunda BMT-nin baş katibi Antoniu Quterriş xəbərdarlıq edib ki, dünya getdikcə ərzaq qıtlığından fəlakət astanasındadır.
Onun sözlərinə görə, Ukraynadakı müharibə iqlim dəyilikliyi, koronavirus pandemiyası və bərabərsizliklə bağlı yaranan problemləri daha da pisləşdirib, bu da "misli görünməyən qlobal aclıq riskinə" gətirib çıxarıb.