Ukraynada humanitar missiyada iştirak edən və üzdəniraq "Donetsk xalq respublikası"nda əsir götürülən britaniyalı könüllü Pol Uri iuylun 10-da "xəstəliklərdən və stresdən" vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə "DXR ombudsmeni" Darya Morozova məlumat verib.
"İlkin tibbi müayinə zamanı Pol Uridə bir sıra xroniki xəstəliklər, o cümlədən insulin asılılığı olan diabet, tənəffüs sistemi, böyrəklərin zədələnməsi və ürək-damar sisteminin bir sıra xəstəlikləri aşkar edilib. Bundan başqa, o, vətənində onun taleyinə biganəlikdən psixoloji cəhətdən düşkün vəziyyətdə olub", - Morozova məlumat verib.
"DXR" ombudsmeni"nin bəyanatında iddia edilir ki, Uri peşəkar hərbçi olaraq "Əfqanıstanda, İraqda, Liviyada və Ukraynadakı münaqişələrdə iştirak edib, döyüş əməliyyatlarına rəhbərlik edib, həmçinin Ukraynanın hərbi birləşmələri üçün muzdluların təlimi və cəlb edilməsi ilə məşğul olub".
Urinin anası Linda "Sky News" telekanalına danışıb ki, onun oğlu "müharibəyə düşməyib", ona görə də humanitar sahədə işləmək qərarına gəlib. O, əlavə edib ki, oğlunun övladları var.
BBC-nin məlumatına görə, Britaniyanın Uorrinqton bölgəsindən olan 45 yaşlı Uri aprelin 25-də Zaporojye yaxınlığında yerləşən blokpostdan keçərkən Ukrayna tərəfində döyüşən muzdlu hesab edilərək saxlanılıb. Onunla birlikdə daha bir britaniyalı Dilan Xili də saxlanılıb. Könüllülər müharibənin episentrində, od-alov arasında qalan ailəni təxliyə etmək üçün döyüş əməliyyatı zonasına gedən zaman saxlanılıblar.
İndi vəfat edən britaniyalının valideynləri onun ölümündə Rusiya hökumətini və onu qapalı məkanda bilavasitə saxlayanları ittiham edir.
Ailənin deməsinə görə, onlara dəqiq məlumdur ki, saxlanılan zaman Polun üstündə insulini olub, çünki o, 1-ci tip şəkərli diabetdən əziyyət çəkib. Üzdəniraq "DXR" hakimiyyəti bunun nə vasitə olduğunu və hansı xəstəlikdə təyin olduğunu bilməmiş deyil.
Onlar həmçinin Qırmızı Xaçın və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən britaniyalıların hansı şəraitdə saxlanıldıqlarını bir neçə dəfə yoxlamağa cəhdlər edilsə də, onları əsirlərin yanına buraxmaqdan imtina ediliyini qeyd edib. Vəfat edənin qohumlarının fikrinə görə, saxlanma şəraiti dəhşətli olub və "DXR"-çilər bunun kimsənin görməsini istəməyib.
Böyük Britaniya britaniyalı humanitar işçinin ölüm xəbərləri ilə bağlı məlumatlarla əlaqədar həm Ukrayna, həm də Rusiya hökumətlərindən təcili izahatlar tələb edir.
"Biz təcili surətdə ukraynalı müttəfiqlərimizlə və Rusiya XİN-lə bu məsələni müzakirə edirik", - bunu Britaniya XİN bəyan edib.
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass məlumat verib ki, bu ölümdən şok keçirib və buna görə "Rusiya tam məsuliyyət daşımalıdır".