Rusiyada “meymunçiçəyi” virusuna ilk yoluxma faktı təsdiqlənib.
Modern.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor”dan bildirilib.
Məlumata görə, infeksiya Avropaya səfərdən sonra ölkəyə qayıdan rusiyalıda aşkar edilib. Həmin şəxs Avropadan qayıtdıqdan sonra xəstəliyə xas olan səpgi ilə əlaqədar həkimlərə müraciət edib.
“Rospotrebnadzor” qeyd edib ki, xəstənin təmas dairəsi məhduddur, mütəxəssislər yoluxmuş şəxslə təmasda olan hər kəsin vəziyyətini diqqətlə izləyirlər. Onun xəstəliyi yüngül formada keçir, həyatı üçün təhlükə yoxdur.
“Epidemioloji araşdırmanın vaxtında başlanması ilə əlaqədar infeksiyanın daha da yayılması ehtimalı dayandırılıb. Vəziyyət “Rospotrebnadzor”un ciddi nəzarəti altındadır", -deyə idarədən bildiriblər.
Bundan əvvəl Rusiya Elmlər Akademiyasının (RAA) akademiki, tibb elmləri doktoru, epidemioloq Vadim Pokrovski ruslar arasında təcrid olunmuş yoluxma hallarının iyul və ya avqust aylarında aşkar ediləcəyini proqnozlaşdırmışdı. O qeyd edib ki, xaricdən qayıdanlar arasında infeksiyalar olacaq.