Rusiya mediası Qaraqalpaq Muxtar Respublikasından reportaj hazırlayıb: yerli əhalinin dilindən “Biz Qaraqalpaq xalqını qorumaq üçün Putinə müraciət etdik” iddiasını yazırlar; “qaraqalpaqlar Özbəkistanın ən çox rusdilli xalqlarından biri hesab olunur” qeydini vurğulamağı da unutmurlar.
Özbəkistanda baş verənlər ilin əvvəlində Qazaxıstan hadisələri və Putinin Lukaşenkonun dili ilə “Özbəkistan dərs çıxarmalıdır” xəbərdarlığı fonunda gözlənilən idi, lakin hadisələrin inkişafını Mirziyayevin mümkün risklərə qarşı qabaqlayıcı gedişi müəyyən etdi: Qaraqalpaq Muxtar Respublikasının 1993-cü ildə Özbəkistana birləşməsi haqda müqavilə 20 illik idi, müqaviləyə görə, qaraqalpaqların suverenliyi və referendum yolu ilə ayrılmaq hüququ saxlanılır, bu hüquqlar Özbəkistan Konstitusiyasında təsdiq olunur; 2013-cü ildə müqavilə bitəndən sonra Kərimov “müstəqillik” haqda eşidilən müəyyən səsləri inzibati resurslarla sakitləşdirdi; bu səslər Kərimovun ölümündən sonra, xüsusilə 2019-cu ildə yenidən eşidilməyə başlandı; 2019-cu il Mirziyayevin Ankara ilə daha yaxın təmaslar qurmağa başladığı, Türk Şurasına üzvlüyə razı olduğu tarixdi və həmin tarixdə “Qaraqalpaq Respublikasının mühacirət hökuməti” elan edildi, əsas fəaliyyət mərkəzi də Moskvadır.
Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür: Özbəkistan İslam Partiyasını fəallaşdırmaq və qaraqalpaqların müstəqilliyi, yaxud başqa ölkə ilə birləşməsi hüququndan istifadə etməsini aktuallaşdırmaq.
Birinci kart Kərimovun dövründə tam olmasa da, böyük ölçüdə neytrallaşdırılıb, Mirziyayev konstitusiyaya dəyişikliklə ikinci kartı da sıradan çıxarmaq istəyir və bu addımı Qazaxıstan hadisələrindən sonra edilən xəbərdarlıq, eyni zamanda, Ukrayna müharibəsi ilə dəyişən şərtlər daha da zəruri edir. Nukusda yaşananlar da Şövkət Mirziyayevin həmləsinin önünü kəsmək məqsədi daşıyırdı və Daşkəndin geri çəkilməsi buna nail olduqlarını göstərir. Hərçənd, prosesin hələ başlanğıcda olduğu ehtimalı daha böyükdür:
Daşkənd “müdaxilə riskini” aradan qaldırmaq, Rusiya bu kartı saxlamaq uğrunda döyüşəcək.
musavat.com