Tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.
Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarixi İşlər Nazirliyinin Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən dördüncü görüşünə dair bəyanatında deyilir.
Qeyd olunub ki, onlar həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava ilə yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər.
Bundan əlavə, tərəflər, həmçinin yekun məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.
17:26
Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında növbəti görüş keçirilir.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan bildirib.
Xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş Vyanada keçirilir.
Qeyd edək ki, bundan əvvəl tərəflər arasında üç dialoq baş tutub. İlk görüş Moskvada, digərləri isə Vyanada baş tutub.