Zelenski NATO-ya iki yol göstərir

Zelenski NATO-ya iki yol göstərir backend

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 29-u NATO-nun Madriddə keçirilən sammitinə video formatında qatılaraq çıxış edib.

Novator.az-ın məlumatına görə, o, alyans dövlətlərini Rusiyanın Ukraynaya qarşı terrorunu durdurmağa, ölkəsinin ümumi təhlükəsizlik məkanında yer almasına kömək etməyə çağırıb.

Ukraynada dörd aydan çoxdur davam edən müharibənin uzanmasının yolverilməz olduğunu vurğulayan prezident ölkəsinə daha çox silah, o cümlədən müasir artilleriya vasitələri verməyin vacib olduğunu, NATO-nun qapılarını ürəklə açmağın zamanı gəldiyini deyib: “Alyansın iki yolu var – ya müharibədə qələbə üçün Ukraynaya dərhal yetərli kömək göstərmək, ya da bir müddət sonra Rusiya ilə müharibəyə girmək zorunda qalmaq”.

1949-cu ildə yaradılmış NATO-ya 30 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə, Yunanıstan.

Hazırda İsveçlə Finlandiyanın alyansa üzvlüyü gündəmdədir. Bosniya və Herseqovina, Gürcüstan və Ukraynanın da NATO üzvü olması barədə müzakirələr gedir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəni tutaraq həmin ərazilərdə iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır, ölkənin ümumilikdə 126 min kvadrat kilometrdən çox ərazisini zəbt edib.

Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi var.

Diaspora