Tokayevin gözlənilməz Rusiya gedişi - Moskva Qazaxıstanı yenə qarışdıra bilər

Tokayevin gözlənilməz Rusiya gedişi - Moskva Qazaxıstanı yenə qarışdıra bilər backend

“O, öz gücündən könüllü surətdə imtina edir”

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkəsi qondarma “Dontesk və Luqansk xalq respublikalarının” (“DXR” və “LXR”) “müstəqilliyini” tanımağı planlaşdırmır. O, bu bəyanatı iyunun 17-də 25-ci Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı səsləndirib.

Qazaxıstan prezidenti Rusiya dövlət başçısı Vladimir Putinin iştirak etdiyi tədbirdə “DXR”i və “LXR”i “qondarma dövlət əraziləri” adlandırıb. Tokayevin bu açıqlaması özünün və ölkəsinin Putinin qəzəbinə gəlməsinə səbəb ola bilərmi? Qazaxıstanın bu ziddiyyətli və sürüşkən mövqeyi ekspertlər tərəfindən necə qiymətləndirilir?

Xarici KİV-lərin məlumatına görə, Tokayevin bu sərt bəyanatlarından sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. Qazaxıstanı nələr gözləyə bilər?

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

 Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Tokayevin cəsarətli addımını bu cür şərh etdi: “Ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi kimi BMT-nin iki prinsipi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin hansı anda bu prinsiplərdən hansına istinad olunacağını beynəlxalq hüquqdan daha çox beynəlxalq güc faktoru təyin edir. Odur ki, məsələn, Şimali Kiprin Türkiyə tərəfindən, Kosovanın, Tayvanın əksər Qərb dövlətləri tərəfindən, Cənubi Osetiya, Abxaziya, Donetsk və Luqanskın Rusiya tərəfindən tanınmasına da məhz güc prizmasından yanaşmalıyıq. Məsələn, Şimali Kiprin reallığını Türkiyəyə bu məsələdə ”güc gələ biləcək" ölkə dəyişə bilərsə, eləcə də Donbasla bağlı de-fakto mövcud reallığı da yalnız Rusiyaya “güc gələ biləcək” ölkə, yaxud ittifaq ölkələr dəyişə biləcəkdir. Bununla belə, beynəlxalq ictimaiyyət müvafiq reallıqlarla barışmamaqda və mövcud de-fakto vəziyyətə qarşı çıxmaqda legitim haqqa və azad hüquqa malikdir. O cümlədən, Qazaxıstan MDB, Avrasiya İqtisadi Birliyi, KTMT kimi Rusiyanın rəhbəri olduğu beynəlxalq-regional təşkilatların üzvü olduğu üçün nə qədər Rusiya orbitindəki kimi görünsə də, son illər daha azad xarici siyasət yürüdür. Məhz Qazaxıstanın Türk Dünyası və Qərblə geosiyasi və geostrateji əməkdaşlığı və ideoloji təməlli meyilləri 2022-ci ilin yanvarında ölkədəki “inqilabın” Rusiya, yaxud KTMT tərəfindən yatırılmasına səbəb olmuşdu. Lakin 24 fevral tarixində Rusiya Ukraynada müharibəyə başladığı üçün Qərbin Rusiyaya sanksiyaları sərtləşdirməyə başladığı bir dövrdə Qazaxıstanın bu sanksiyalara qoşulacağı və Rusiyanın bəhs olunan bu sanksiyalardan yayınması üçün şərait yaratmayacağını açıqlamışdı. Təzəlikcə Rusiyaya inqilabı yatırmaq üçün çağırış edən Tokayev tərəfindən atılan bu addım gözlənilməz idi. Hətta Qazaxıstan sanksiyaya məruz qalan “Urals” markalı Rusiya nefti ilə qarışdırılmaması üçün öz neftinə yeni ad vermişdi. Halbuki Qazaxıstan neftinin önəmli bir hissəsi Novorossiysklə axırdı. İndi isə Rusiyanın rəsmi olaraq tanıdığı DXR və LXR kimi qondarma “dövlətləri” Qazaxıstanın dövlət başçısı tanımadığını elan edir. O, həttə Rusiya Parlamentinin nümayəndələrini xalqlar, dövlətlər arasında nifaq salan açıqlamalar verməkdə günahlandırır. Bu çox cəsarətli addımı Rusiya sərt cavab ilə qarşıladı - Qazaxıstan neftinin Novorossiysklə ixracını (Avropaya axan illik 67 milyon ton) dayandırdı. Dumanın MDB işləri üzrə komitəsinin sədri, daha öncə Azərbaycanla bağlı da “sərsəm” açıqlamaları olan Zatulin isə Tokayevin bu çıxışına görə “Qazaxıstanda da Ukraynaya qarşı görülən tədbirlərin bənzəri görülə bilər”, - deyə açıqlama verib. Qərbin Rusiyanın Ukraynada öz işğal planını durdurmayacağını uca səslə dünyaya çatdırdığı bir vaxtda Zatulinin bu cür açıq təhdidləri çox narahatedicidir. 24 fevral tarixində Rusiya Ukraynaya hücum edən ana qədər bu hücumun gerçəkləşəcəyinə 100% inanan yox idi. Odur ki, Rusiyanın postsovet arealında hansı nöqtəyə qədər irəliləyəcəyini təxmin etmək çətindir".

Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Tokayevin Çin faktoruna güvəndiyini qeyd etdi: “Tokayevin belə bir açıqlama verməsi zərurəti var idi. Çünki Rusiya Ukraynaya ”LXR" və “DXR”də “rusların və rusdilli əhalinin müdafiəsi” iddiası ilə hücum edib və bu iddia zaman-zaman Qazaxıstanın şimal bölgəsi ilə bağlı da gündəmə gətirilir. Tokayev də məhz bunu nəzərə alaraq, “kvazidövlət” planına qarşı çıxdı. Əslində ona bu sualın verilməsi daha çox Simonyanın niyyəti kimi görünür, çünki cavabın belə olacağı bəlli idi və bu cavab Putini də çətin vəziyyətə saldı. Simonyanın niyə belə etdiyi də Rusiyadakı erməni lobbisinin planları fonunda təsadüfi deyil. Simonyan təxminən bir ay öncə Qazaxıstanı təhdid də etmişdi. Forumdan sonra baş verənlər, xüsusilə Rusiyanın Qazaxıstan neftinin ixracına məhdudiyyət qoyması, Qazaxıstanın Rusiya kömürünə qarşı atdığı addım artıq qarşıdurmanın başladığına dair müəyyən siqnallardan xəbər verir. Burada əsas məqam Tokayevin izlədiyi xətdir. Çünki yanvar hadisələrində Tokayevin hakimiyyətdə qalması və güclənməsini, buna paralel olaraq, Nazarbayev klanının zəifləməsini Rusiya təmin etdi. Bunun fonunda Tokayevin konstitusiya islahatları keçirməsi, prezident səlahiyyətlərini azaltması suallar yaratdı. Belə görünür ki, Tokayev öz gücündən könüllü surətdə imtina edir. Rusiyanın öz təsir dairəsi olaraq gördüyü Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda yenilənməni narahatlıqla qarşıladığı məlumdur. Belə görünür ki, Tokayev Ukrayna müharibəsi ilə dünyadakı mövqeləri zəifləyən Rusiyadan qurtulmaq xəttini izləyir və burada Çin faktoruna güvənir. Hərçənd yanvar hadisələri və Rusiyanın Qazaxıstana müdaxiləsinin səbəblərindən biri elə bu ölkədə Çinin güclənən təsirinə qarşı öz gücünü bərpa etmək idi. Bunun fonunda Tokayevin sərgilədiyi siyasət müəmmalar da yaranır və bir qədər konsprioloji görünsə belə, bu siyasətin Rusiyanın növbəti və daha güclü müdaxiləsinə zəmin yarada biləcəyi də nəzərdən qaçmamalıdır".

musavat.com

Diaspora