Ukraynanın şərqindəki Donbas bölgəsini tez bir zamanda ələ keçirməyi hədəfləyən Rusiyanın son model beşinci nəsil SU-57 təyyarəsini də müharibəyə cəlb etdiyi bildirilir.
Teleqraf.com xəbər verir ki, Rusiyanın rəsmi mediası Müdafiə Nazirliyi mənbələrinə istinadla xüsusi hərbi əməliyyata 4 SU-57 təyyarəsinin əlavə edildiyini açıqlayıb.
Bildirilib ki, radar üçün görünməz gizli texnologiyaya malik olan bu təyyarələr eyni vaxtda havaya qalxır və ümumi rabitə şəbəkəsi çərçivəsində Ukraynanın hava hücumundan müdafiə sistemlərini yerdə məhv etmək üçün səylər göstərir.
2000-ci illərin əvvəllərində Rusiya tərəfindən hazırlanmağa başlayan və ilk uçuşunu 2010-cu ildə həyata keçirən SU-57 çoxməqsədli beşinci nəsil döyüş təyyarəsi ABŞ-ın istehsal etdiyi F-35 və F-22-nin Rusiyadakı ekvivalenti hesab olunur. Yüksək manevr qabiliyyətinə malik bu təyyarə ən müasir elektronika ilə radarlara görünməz sayılır. Beşinci nəsil rus təyyarəsinin yuxarı uçuş tavanı 20 kilometrdir. Onun maksimal sürəti təxminən 2600 km/saatdır. Səsdən iki dəfə sürətli hərəkət edən təyyarə həm qırıcı, həm də yüngül bombardmançı kimi istifadə edilə bilər. Hazırda Rusiyanın bu təyyarələrdən yalnız 10-a sahib olduğu təxmin edilir.
2022-ci ilin sonuna kimi daha 12 təyyarənin orduya təhvil verilməsi planlaşdırılır.