Rusiyanın “maliyyə nəfəsliyi” kəsilir: Kremlə iki sarsıdıcı zərbə vuruldu

Rusiyanın “maliyyə nəfəsliyi” kəsilir: Kremlə iki sarsıdıcı zərbə vuruldu backend

ABŞ və Qərb Ukrayna ordusunu yenidən qurur, ən müasir NATO hərbi texnikası ilə silahlandırılır, Rusiya aviasiyası bloklanır... Avropa Birliyinin son sanksiya paketinə paralel olaraq, Səudiyyə Ərəbistanının timsalında Rusiya neftinə alternativ qaynağın yaradılması isə Kreml üçün ola biləcək ən ağır zərbədir...

Rusiyanın beynəlxalq məkanda sıxışdırılması prosesi öz intensivliyini qoruyur. Kreml artıq dünyadan təcrid olunmuş vəziyyətə düşüb. Beynəlxalq siyasət məkanında artıq Kremlin mövqeyinə əhəmiyyət verilmir, Rusiyanın maraqları nəzərə alınmır. Və bu, Kremlin tədricən Rusiyanın sərhədləri daxilinə sıxışdırılması prosesinin artıq real nəticələr verdiyini göstərir.

Məsələ ondadır ki, Rusiyanın “nəfəsliyi” getdikcə daraldılır. Kremlin manevr imkanları məhdudlaşdırılır. Sadəcə, ABŞ və Qərb hələlik Rusiyanın iflasını sürətləndirməkdə qətiyyən maraqlı deyil. Çünki, Qərb bu prosesə tam hazır deyil. Bu səbəbdən də, prosesi mümkün qədər ləngitməklə, özü də zaman qazanmağa, Rusiyanın çöküşünün doğura biləcəyi humanitar və iqtisadi kataklizmlərdən yayanmağa çalışır.

Bir müddət öncə hətta Ukrayna prezidenti Volodimir Zelenski belə, ABŞ və Qərbi anlaşılmaz ləng davranışlarda qlnamışdı. Ukrayna prezidenti əsas ittihamlarını isə məhz Avropa Birliyinə doğru yönəltmişdi. Prezident V.Zelenski hesab edirdi ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların növbəti paketini tətbiq etməkdə, Ukraynaya müasir silahların verilməsində gecikir. Nəticədə Rusiyanın zəiflədilməsi prosesi ləng getdiyindən Ukrayna ordusu ağır itkilər verir.

Maraqlıdır ki, Ukrayna prezidentinin sərt ittihamları işə yaradı. ABŞ və Qərb dərhal hərəkətə gəldi. Ukraynaya müasir silah sistemlərinin çatdırılması sürətləndirildi. Bu proses hələ davam edir və yaxın vaxtlarda Ukrayna ordusunun Rusiya qoşunlarına ağır zərbələr endirməyə başlayacağı ehtimal olunur.

Digər tərəfdən, Avropa Birliyi də Rusiyaya qarşı növbəti – altıncı sanksiya paketini artıq təsdiqləyib. Bu dəfəki sanksiyalar paketi Rusiyanın enerji resursları sektorunu hədəfə alıb. Yaxın altı ay ərzində Rusiya neftindən, səkkiz ay müddətindəsə, neft məhsullarından tamamilə imtina olunacaq. Ancaq bu sanksiyalar Rusiyanın boru kəməri ilə deyil, dəniz yolları ilə neft ixracının kəsilməsini hədəfləyib.

Eyni zamanda, Avropa Birliynin yeni sanksiyaları Zberbank, Rosselxozbank və Moskva Kredit Bankının SWIFT sistemindən kənarlaşdırılmasını nəzərdə tutulur. Bu, Rusiyanın maliyyə sisteminə olduqca ağır zərbələr vəd edir. Çünki, bundan sonra Rusiya banklarının SWIFT sisteminə çıxış “pəncərə”si daha da daraldılmış xarakter daşıyacaq. Rusiyanın öz sərhədlərindən kənarda maliyyə-iqtisadi əlaqələri pozulmağa başlayacaq.

Düzdür, Kreml Avropa Birliyindən bu ağır zərbəni gözləyirdi. Çünki, Rusiya buna qarşı qabaqlayıcı addımlar atmağa çalışırdı. Kreml Avrasiya İqtisadi İnkişaf Təşkilatının üzvlərinə SWIFT-dən kənar maliyyə ödənişlərini tənzimləməyi təklif etmişdi. Ancaq bu quruma üzv dövlətlər Kremlin bu təklifinə müsbət reaksiya verməyə həvəs göstərmədilər. Çünki, hazırda əksər MDB dövlətləri Rusiyaya sanksiyalardan yayınmaq imkanı yaradacaqları təqdirdə, analoji embarqolara məruz qala biləcəklərindən ehtiyatlanırlar.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın maliyyə-iqtisadi problemlərinin artacağı qətiyyən şübhə doğurmur. Buna paralel olaraq, Ukraynaya müasir hücum silahlarının verilməsi prosesinə başlanılması isə Rusiyanın vəziyyətini daha da ağırlaşdıracaq. Ukrayna savaş poliqonuna hələ ötən əsrin 70-ci illərində hərbi arsenaldan çıxarılmış T-62 tanklarını göndərmək məcburiyyətində qalan Rusiyanın hansı vəziyyətə düşə biləcəyini təsəvvür etmək çətin deyil.

Məsələ ondadır ki, Rusiya Ukraynanın müasir silahlar almasından sonra aviasiyadan istifadə etməkdə çətinlik çəkəcək. Yəni, Rusiya ordusunun Ukrayna savaş poliqonunda hava hakimiyyətini də itirmək təhlükəsi tamamilə realdır. Hava hakimiyyəti, aviasiyanın fəal dəstəyi olmadan Rusiya quru qoşunlarının uğur qazanma ehtimalı isə demək olar ki, qalmayacaq.   

NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlamasının məzmunu da bunu təsdiqləyir. Belə ki, NATO baş katibi bildirib ki, ABŞ-ın Ukraynaya müasir silah növlərini göndərdikdən sonra Rusiyanın savaş meydanında verəcəyi cavab qalmayacaq. Y.Stoltenberqin fikrincə, bundan sonra Ukraynanın özünü müdafiə etmək imkanları maksimum həddə qədər artmış olacaq. Və Rusiyanın buna cavab addımları ata biləcəyi qətiyyən inandırıcı görünmür.

Göründüyü kimi, Rusiya üçün qəliz situasuya yaranmağa başlayıb. Ukraynanın Rusiya silahlarından daha üstün olan müasir NATO hərbi texnikası ilə təchiz olunması Kremlin hərbi uğursuzluğunu dərinləşdirə bilər. Halbuki, Rusiya üçün xoşagəlməz hadisələrin baş verməsi bir-birini əvəzləməkdə davam edir.

Son məlumatlara görə, Səudiyyə Ərəbistanı neft istehsalını artırmağa hazırdır. Halbuki son vaxtlara qədər neftlə zəngin bu dövlət ABŞ-ın neft istehsalını artırmaqla bağlı müraciətini müsbət reaksiya vermirdi. İndisə belə anlaşılır ki, Avropa Birliyinin Rusiyanın neft ixracına sanksiya tətbiq etməsindən öncə ABŞ Səudiyyə Ərəbistanını yola gətirməyi bacarıb. Bu ölkə Qərbin sanksiyaları ucbatından Rusiyanın neft ixracının həcmi aşağı düşəcəyi təqdirdə, iyul ayından etibarən neft istehsalının artırılmasına təminat verib.

Belə anlaşılır ki, Rusiyanı iki tərəfdən “vurmaqda” davam edirlər. Bir tərəfdən, Ukrayna ordusu yenidən qurulur və ən müasir NATO silahları ilə silahlandırılır. Digər tərəfdən isə Rusiyanın enerji sektorunu hədəfə almaqla, Kremlin maliyyə qaynaqlarını qapatmağa çalışırlar. Səudiyyə Ərəbistanının timsalında Rusiya neftinə alternativ qaynağın yaradılması Kreml üçün ola biləcək ən ağır zərbədir. Və bu, Kremli gələcək kapitulyasiyaya hazırlamaqmaqla yanaşı, Ukrayna savaşının yekun nəticələrini belə, əvvəlcədən müəyyən edə bilər.

“Yeni Müsavat”

Diaspora