XİN: “Türkiyə hər zaman Krım tatarlarının yanında olmağa davam edəcək”

XİN: “Türkiyə hər zaman Krım tatarlarının yanında olmağa davam edəcək” backend

“Türkiyə Krım tatarlarının kimliyini qorumaq, onların rifah və əmin-amanlığını təmin etmək üçün hər zaman soydaşlarımızın yanında olmağa davam edəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Krım tatarlarının sürgününün 78-ci ildönümü ilə bağlı açıqlamasında bildirib.

O vurğulayıb ki, Krımın yerli əhalisi olan Krım tatarları 1944-cü il mayın 18-də vətənlərindən zorla didərgin salınaraq qeyri-insani şəraitdə sürgünə göndəriliblər: “250 min Krım tatarının çoxu sürgün zamanı və ya sürgün olunduqları yerlərdə həyatını itiriblər. Bu gün biz bu faciəli hadisənin 78-ci ildönümünü anırıq.

Mayın 21-i Çərkəz sürgününün 158-ci ildönümü kimi qeyd olunur. XIX əsrdə çar Rusiyasının Qafqaza hücumu zamanı Qafqaz xalqları yüz minlərlə itki vermiş, sağ qalanların bir çoxu öz vətənlərini tərk edərək Anadoluya sığınıblar. Çərkəz sürgün adlanan bu faciənin acısını bu gün də hiss edirik.

Bununla bağlı həm Krım tatarlarının, həm də qardaş Qafqaz xalqlarının yaşadıqları hər iki faciə zamanı həyatını itirənlərin qarşısında ehtiramla baş əyirik”.

Qeyd edək ki, Krım yarımadası İkinci Dünya müharibəsi dövründə bir müddət Hitler Almaniyasının nəzarətində qalsa da, Qırmızı Ordu tərəfindən geri alınıb. Krım tatarlarının sovet ordusunda döyüşmələrinə baxmayaraq, bəzi rus komandirlər onları almanlarla əməkdaşlıqda suçlayıb. Beləliklə, Krım tatarlarına qarşı təqib siyasəti onların vətənlərindən sürgün edilməsi ilə davam etdirilib.

Eyni dövrdə İkinci Dünya müharibəsi davam etdiyi üçün kişilərin əksəriyyəti cəbhədə olduğuna görə Krımda qalan qadınlar, uşaqlar və yaşlılar olub. Onlar gecə yarısında yuxudan oyadılaraq 15 dəqiqə içində meydanlarda toplanıb və qatara doldurulublar. 250 minə yaxın Krım tatarı üç gün içində heyvanların daşındığı vaqonlarla Mərkəzi Asiyaya sürgün edilib. Deportasiya edilənlərin təqribən yarısı yollarda xəstəlikdən, aclıqdan və ağır şəraitdən vəfat ediblər. Deportasiyadan sonra yarımadadakı türkcə toponimlər rusifikasiyaya uğrayıb.

Stalinin ölümündən sonra Ukraynanın Rusiyaya birləşməsinin ildönümü səbəbindən Krım Ukrayna Sovet Sosialist Respublikasına hədiyyə edilib. 1965-ci ildən etibarən Krımdan sürgün edilən tatarlar vətənlərinə dönmək üçün siyasi fəaliyyətə başlayıblar.

Sovet İttifaqının çöküşündən sonra Krım tatarlarının vətəni Ukraynaya bağlı Krım Muxtar Respublikasına çevrildi. 2014-cü ildə Ukraynada hakimiyyətə qərbyönümlü siyasətçilər gəldikdən sonra Rusiya 2014-cü ildə işğal edib. Beləliklə, Krım tatarları Stalin dövründə olduğu kimi yenidən təqib siyasətinin qurbanı olub. Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarına aid evlər, məscidlər və məktəblərdə ilboyu onlarla əməliyyat keçirir. Onları Ukrayna və ya dini-ekstremist qruplaşmalarla əməkdaşlıqda suçlayır.

Xatırladaq ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.

Diaspora