“Rusiya prezidenti Vladimir Putini cavab verməyə məcbur edəcək qadın” – ABŞ-ın “Associated Press” agentliyinin reportajında Ukraynanın baş prokuroru İrina Venediktova belə xarakterizə olunur.
Novator.az-ın məlumatına görə, reportajda fevralın 24-dən Rusiyanın növbəti hərbi təcavüzü ilə üzləşmiş Ukraynada baş prokurorun gördüyü işlərdən, apardığı araşdırmalardan bəhs edilir.
Reportaj müəllifləri Ukraynada olub, İrina Venediktova ilə birlikdə bir sıra məkanlara səfər ediblər, baş prokurorun keçirdiyi görüşlərə qatılıblar.
Reportajda deyilir: “İrina Venediktovanın məqsədi Rusiyanın prezidentini və ordusunu Ukraynada törədilən cinayətlərə görə cavabdehlik daşımağa məcbur etməkdir.
Baş prokuror hesab edir ki, dünyanın bir çox yerində məhkəmə instansiyaları Rusiyanı məsuliyyətə cəlb etməyə cəhd göstərsə də, təhqiqatın əsas yükü Ukraynanın öz üzərinə düşür. Ona görə İrina Venediktova bu işə prinsipial məsələ kimi yanaşır.
Ukrayna vətəndaşlarının ictimai maraqlarını müdafiə etdiyini söyləyən İrina Venediktova müharibədə həlak olan uşaqları qoruya bilmədiyini də təəssüflə vurğulayır”.
Reportajda xatırladılır ki, İrina Venediktova Ukraynanın ilk qadın baş prokurorudur. “Associated Press”in əməkdaşları onu dəmir iradəli, qətiyyətli, peşəkar, yumor hissindən xali olmayan bir insan kimi qiymətləndirirlər.
43 yaşlı İrina Venediktova həm də alimdir, hüquq professorudur. Müharibə vəziyyəti onu tez-tez ölkə daxilində səfərlərə çıxmaq məcburiyyətində qoyub: “Əvvəllər geyindiyi zərif donları indi uniforma və zirehli jilet əvəzləyib. Baş prokuror çox vaxt yeməyini avtomobildə tələm-tələsik yeməli olur, bəzən hətta bunu da çatdırmayıb, yaxud unudub saatlarla ac qalır.
Hazırda İrina Venediktovanın qəbul saatları yoxdur. İndi onun yalnız tez başlayıb, gec bitən hərbi saatları var”.
Reportajda bildirilir ki, artıq Ukraynanın Baş Prokurorluğu müharibə ilə bağlı 8 mindən çox cinayət işi açıb: “Ukraynada hərbi cinayətlərin törədilməsi üzrə beynəlxalq təhqiqatlar da getdikcə çoxalır. İrina Venediktovanın rəhbərlik etdiyi Baş Prokurorluq indiyədək 500-dən çox şübhəli şəxs müəyyən edib. Siyahıda Rusiya nazirlərinin, hərbi komandanlarının və təbliğatçılarının da adlarına rast gəlmək mümkündür”.
Reportajda deyilir ki, İrina Venediktova prokurorluq əməkdaşlarını xaricə sığınan ukraynalıların keçib getdiyi sərhəd-keçid məntəqələrində və ölkə daxilindəki qaçqın düşərgələrində yerləşdirib. Məqsəd odur ki, milyonlarla ukraynalının iztirabları ilə bağlı dəlil-sübutlar iz itməmiş, isti-isti toplansın.
Baş prokuror hərbi cinayətləri araşdırmaq üçün 50-yə yaxın təhqiqatçıdan ibarət xüsusi qrup yaradıb. Amma hərbi cinayətləri tək bu qrup yox, faktiki Baş Prokurorluğun bütün heyəti araşdırır.
İrina Venediktova ilə birgə Lvov şəhərinin mərkəzindəki qaçqın düşərgəsində olan “Associated Press”in jurnalistləri bildirirlər ki, prokurorluq əməkdaşları hər gün burada zərərçəkmişlərin, şahidlərin ifadələrini almaqla məşğuldurlar.
Düşərgədən çıxandan sonra baş prokurorla Lvovdan bir saatlıq məsafədə yerləşən Polşa sərhədinə gedən jurnalistlər qeyd edirlər ki, İrina Venediktova bu yolları çox yaxşı tanıyır: “O, müharibə dövründə Ukraynaya gəlməyə cürət etməyən əcnəbi rəsmilərlə görüşmək üçün vaxtının çoxunu bu yollarda keçirir. Venediktova deyir: “Əslində mən maşında yaşayıram. Yardıma, dəstəyə və məsləhətçilərə ehtiyacım var. Mənə bundan sonra nələrin baş verəcəyini bilən insanlar lazımdır”.
Ukrayna Baş Prokurorluğu Beynəlxalq Cinayətlər Məhkəməsinin prokurorları, o cümlədən Polşa, Almaniya, Fransa və Litva da daxil olmaqla onlarca ölkənin hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Həmin ölkələrin hamısında Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərlə bağlı cinayət işlərinə başlanıb.
İrina Venediktova Böyük Britaniyadan yüksək səviyyəli hüquq məsləhətçilərini də işə cəlb edib. O, beynəlxalq təcrübəyə malik mobil təhqiqat qruplarının yaradılması üçün ABŞ və Avropa İttifaqı ilə aktiv iş aparır”.
Baş prokurorun Ukrayna-Polşa sərhədindəki keçid məntəqəsində qurulmuş müvəqqəti ofisdə Verstyuk soyadlı bir vətəndaşla görüşünə şahid edən jurnalistlər vurğulayırlar ki, Verstyuk mühasirədə olan Mariupol şəhərindən belində pal-paltar çantası, əynində məxmər don, ayağında qara corab, ağ qış çəkmələrində gəlib. Sənədlərini, telefonunu da özü ilə götürə bilib. Martın 8-də Verstyukun evinə raket düşüb. O, prokurorlara ifadəsində deyib ki, qaçarkən alsheymer xəstəliyindən əziyyət çəkən, yeriyə bilməyən 86 yaşlı atasını yanan evdə qoyub çıxmalı olub.
Verstyuk bir həftə Mariupol Dram Teatrının binasına sığınıb. O, teatr binası raket hücumuna məruz qalandan bir gün qabaq oranı tərk edib. Məlum olduğu kimi raket hücumu zamanı teatr binasında yüzlərlə insan həlak olub. İfadəsi alınan dövrdə Verstyukun yanan evində qalmış atasına zəng çatmayıb.
Beş saatlıq sorğu-sualdan sonra prokuror Stanislav Bronevitski hər detalı, üzləşdiyi faciənin hər dəqiqəsini xatırlayan Verstyukun başına gələnləri sənədləşdirib mərkəzi məlumat bazasına yükləyir”.
“Associated Press”in reportajında qeyd olunur ki, Ukraynanın geniş əraziləri potensial cinayət meydanına çevrilib: “Faciələr gündən-günə çoxalır. Müəyyən olunası və qorunub saxlanası faktlar isə çoxdur.
Baş Prokurorluğun 8 mindən artıq əməkdaşı var. Amma iş yenə başdan aşır. Günorta saatlarında sərhəddən qayıdan İrina Venediktova bir qrup beynəlxalq donorla “Zoom” proqramı vasitəsilə əlaqə saxlayaraq Ukraynaya dəstək kampaniyasının gücləndirilməsinə çağırış edir.
Prezident Vladimir Zelenski İrina Venediktovanı baş prokuror postuna 2020-ci ilin martında təyin edib. Bu post daima korrupsiya qınaqlarının hədəfi olub.
İrina Venediktova dərhal prokurorluqda islahatlara başlayıb. Minlərlə prokuror dürüstlük və peşəkarlıq standartlarına cavab vermədiyi üçün işdən qovulub. Ona görə də İrina Venediktovanın müharibə cinayətləri ilə bağlı sənədlər hazırlayan ofislərinin sayı məhduddur.
Baş prokuror insan haqları qrupları ilə də əməkdaşlıq qurub. Halbuki onlardan bəzilərinin Ukrayna hakimiyyəti ilə münasibətləri heç də yaxşı olmayıb.
Müharibə başlanan kimi İrina Venediktova sadə vətəndaşları öz smartfonları vasitəsilə məlumat toplayıb onlayn formada Warcrimes.gov.ua saytına göndərməyə çağırıb. Müharibənin ilk beş həftəsində bu sayta 6000-dən çox müraciət daxil olub.
İrina Venediktovanın, onun işçilərinin sənədləşdirdiyi faciələri saymaqla qurtaran deyil: kütləvi məzarlıqlar, mülki şəxslərin qəsdən öldürülməsi, insanların kütləvi şəkildə atəşə tutulması, xəstəxanalara hücumların təşkil edilməsi, adam oğurluqları, işgəncələr, cinsi zorakılıqlar, şəhərlərin mühasirəyə alınması, mühasirədəki insanlara humanitar yardımların, o cümlədən qida, su yardımının çatdırılmasına imkan verilməməsi…
Putinin hərbçiləri və onun əlaltıları Çeçenistanda, Gürcüstanda, Suriyada, habelə Ukraynanın şərqindəki Krım yarımadasında və Donbas bölgəsində indiyə qədər də oxşar taktikalardan istifadə edib. Belə hallarla bağlı illərlə sənədləşdirmə aparılsa da, Qərb dövlətləri heç vaxt Rusiyaya qarşı ciddi müqavimətə keçməyib.
Fevralın 24-ü səhər saat 5-də Rusiya Ukraynaya bomba yağdırmağa başlayandan isə vəziyyət dəyişib. Ötən illərdə cavabsız qalan vəhşiliklərin haqq-hesabının çəkilməsi də indi İrina Venediktovanın öhdəsinə düşüb.
Venediktovanın komandası hərbi cinayətlərdə şübhəli bilinən şəxslərin xaricdəki aktivlərini axtarmaqda davam edir.
Komandanın prioritetlərindən biri müharibə canilərinin pullarını ələ keçirmək, vəsaiti müharibə qurbanlarına yönəltməkdir. Baş prokuror və onun komandası bu sahədə rusiyalı oliqarxların sərvətlərini gizlətdiyi ölkələrlə əməkdaşlığa çalışır. Amma bəzi ölkələr xarici dövlətlərin məhkəmələrinin qərarları əsasında aktivlərə həbs qoymaq iqtidarında deyil”.
“Associated Press”ın reportajı bu sözlərlə bitir: “Axşam saat 9-a qalıb. İrina Venediktova həmişəki kimi televiziya ilə çıxış edir. O öz xalqını əmin edir ki, günahkarlar cəzalandırılacaq və dəymiş ziyan ödənəcək: “İlk sevincimi kiminsə villasını, yaxtasını satanda yaşayacam. Evlərini tərk etmək məcburiyyətində qalan sadə ukraynalılar təzminat alanda isə qələbə hissini yaşamış olacağıq”.