“30 ilə yaxındır yaşadığımız Ukraynada heç bir milli ayrı-seçkilik duymamışıq...”

“30 ilə yaxındır yaşadığımız Ukraynada heç bir milli ayrı-seçkilik duymamışıq...” backend

“Təəssüf ki, Ukrayna xalqı barədə “banderaçı”lar, “benderlər” kimi ifadələr digər xalqların, o cümlədən rusların beyninə sovet dövründən bəri yeridilib...”

 

“Əminliklə deyərdim ki, Ukraynada azərbaycanlılara qarşı olan səmimi hörmət, qayğı, diqqət heç bir digər respublikada yoxdur...”

 

“Zənnimcə, Ukraynadakı Azərbaycan diasporu dünyanın əksər digər ökələrindəki diasporlarımızdan daha sərbəst və aktiv fəaliyyət göstərir”. 

Bu fikri Moderator.az-a açıqlamasında Ukraynadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, İvano-Frankovsk vilayətindəki diaspor rəhbəri Elşad Ələsgərov  “Ukraynada yaşadığınız müddətdə yerli ukrayın millətinin nümayəndələri tərəfindən özünüzə və ya digər soydaşlarımıza qarşı hansısa milli ayrı-seçklilik, diskriminasiya hiss etmisinizmi” sualını cavablandırarkən söyləyib.

 

“Xeyr, hesab edirəm ki, Rusiyadakı hakim rejimin təbliğatının əksinə olaraq Ukraynada ciddi şəkildə ifrat millətçilik-filan olmayıb və yoxdur. Artıq 30 ilə yaxındır yaşadığım Ukraynada indiyədək konkret ukrayınlar tərəfindən heç bir ifrat millətçilik, ayrı-seçkilik hiss etməmişəm... Mən uşaqlıqda da yay tətillərində gəlib Ukraynada rəhmətlik atamın dostlarının yanında qalmışam. Ancaq qətiyyən hansısa ayrı-seçkilik, mənfi münasibət duymamışam. Düzdür, ara-sıra, çox nadir hallarda müəyyən qatı millətçi şəxslərə rast gəlinir. Belələri digər xalqlar arasında, o cümlədən Azərbaycanda olur” –deyə diaspor rəhbəri bildirib.  

“Təəssüf ki, Ukrayna xalqı barədə “banderaçı”lar, “benderlər” kimi ifadələr digər xalqların, o cümlədən rusların beyninə sovet dövründən bəri yeridilib. Və bəziləri həmin ifadələri bir millət, toplum adı kimi qəbul edir. Amma bu, çoxlarına bir “faşist”, “terrorçu” kimi tanıdılan, əslində isə sovet-rus müstəmləkəçiliyinə qarşı mübarizə aparan bir siyasi xadim olmuş Stepan Banderanın adıyla bağlıdır...

 

Mən keçmiş SSRİ-nin bir çox respublikalarında, eləcə də Rusiya və Belarusda olmuşam. Əminliklə deyərdim ki, Ukraynada azərbaycanlılara qarşı olan səmimi hörmət, qayğı, diqqət heç bir digər respublikada yoxdur. Və zənnimcə, Ukraynadakı Azərbaycan diasporu dünyanın əksər digər ökələrindəki diasporlarımızdan daha sərbəst və aktiv fəaliyyət göstərir. Bu, özünü müharibədən az öncə diasporumuzun Kiyevdə keçirilmiş qurultayında  da göstərdi. Orada bir çox rəhbər şəxslər, Radanın deputatları iştirak edirdi... Bir sözlə, bizə qarşı daim gözəl münasibət olub və bu gün müharibə gedən günlərdə də Azərbaycan dövlətinin, xalqının Ukraynaya verdiyi dəstəyin müqabilində həmin münasibət daha da möhkəmlənib”- deyə soydaşımız vurğulayıb.

Diaspora