“Putin mayın 9-dək Ukraynada hansı hədəflərə nail ola bilər?”- Sabiq baş diplomat

“Putin mayın 9-dək Ukraynada hansı hədəflərə nail ola bilər?”-  Sabiq baş diplomat backend

“Bu müddətdə Ukrayna cəbhəsində atəşkəs əldə olunması və ya hansısa sazişin imzalanması çox realdır...”

 

“Ancaq bu razılaşmanı indiki mərhələdə Rusiya tərəfi öz qələbəsi kimi göstərəcək...”

 

“Qərbin Ukraynaya hərbi köməyinin müharibədə qısa müddətdə dönüş yaradacağına inanmıram...”

 

“Belə  düşünürəm ki, mayın 9-dək Ukrayna cəbhəsində atəşkəs əldə olunması və ya hansısa sazişin imzalanması çox realdır. Açığını deyək ki, həm Rusiya, həm də Ukraynanın hərbi baxımdan vəziyyəti çox ağırdır. Amma yaddan çıxarmayaq ki, ümumilikdə Rusiyanın hərbi potensialı Ukraynanınkını qat-qat üstələyir. Ələlxüsus da indiki mərhələdə... Çünki taktiki gedişlər dəyişib və bundan sonra, ən azı, Donbas ərazisində klassik müharibə üslubu tətbiq olunacaq. Əgər belə bir klassik üslub tətbiq olunarsa, Ukraynanın üstünlük əldə etmə şansları azalacaq. Bunu açıq blmək lazımdır. Və hansısa mərhələdə Ukrayna məcburən müvəqqəti də olsa, atəşkəs rejimini qəbul etməklə razılaşacaq”.

 

Bu fikirləri sabiq baş diplomat Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında “Putin mayın 9-dək Ukraynada hansı hədəflərinə nail ola bilər” sualını cavablandırarkən keçmiş ifadə edib.

 

“İnanmıram ki, həmin razılaşmada hansısa uzunmüddətli mövzular həllini tapacaq; məsələn, Krımın, yaxud, Donetsk və Luqansk ərazilərinin gələcək taleyi barədə. Çox qısa olacaq həmin razılaşma... Ancaq bu razılaşmanı indiki mərhələdə Rusiya tərəfi öz qələbəsi kimi göstərəcək. Digər tərəfdən, Zelenski də deyəcək ki, biz bacardığımız qədər vuruşmuşuq, amma çox uğurlu nəticələr alınmadı. Yəni qarşıdakı 10 gündə təxminən bunlar gözlənilir. Və mən inanmıram ki, bu müddətdə vəziyyət ciddi şəkildə dəyişə bilər. Bu gün artıq BMT Baş katibinin Moskva və Kiyevdəki görüşlərindən sonra Mariupoldan mülki əhalinin evakuasiyasından söhbət gedir. Rusiya Xersonda hansısa referendumların keçirilməsi haqda fikirlər səsləndirir. Bu da onu göstərir ki, gələcək model təxminən göz qabağındadır. Ukrayna öz yerində dağıdılmış və zəiflədilmiş bir durumda olacaq. Rusiyanı isə proseslər artıq birbaşa həm siyasi, həm də iqtisadi baxımdan böyük bir böhrana aparır. Buna şübhə yoxdur.  Və bunların nəticəsində, təbii ki, Moskvanın xarici təsiri də azalacaq. O cümlədən bizim regiona... Yəni Rusiyanın Cənubi Qafqazdakı nüfuzu və imkanları da kəskin şəkildə azalacaq. Bu, çox aydın görsənən bir perspektivdir” – deyə politoloq bildirib.

 

Mayın 9-dək Rusiyanın Donetsk və Luqansk vilayətlərini bütövlükdə işğal edə bilməsi ehtimalı nə qədərdir, sizcə?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

 

“Düzdür, Rusiya ordusu hazırda Donetsk və Luqansk vilayətlərinin administrativ sərhədlərinə tam şəkildə çıxmayıb. Ancaq bəzi bölgələrdə, məsələn, Azov dənizinin sahil zolağı, birbaşa Krım yarımadasınadək olan ərazi, demək olar ki, Rusiyanın nəzarətindədir. Bəziləri deyirlər ki, guya Kremlin həmin nəzarət zonasını Odessayadək uzatmaq planları var. Amma bunun mümkün olacağına inanmıram... 

 

Bilirsiz, hazırda biz hamımız Ukraynadakı savaş barədəki informasiyaları mediadan, telekanal və “you tube” kanallarından alırıq. Orada isə  hər bir tərəf hərbi maraqlara uyğun olaraq əsasən uğurlu nəticələrini bəyan və təbliğ edirlər. Odur ki, həmin təbliğat “göl”ündə hansısa həqiqəti tapmaq və gələcəyi proqnozlaşdırmaq çox çətindir. Təbii ki, müharibənin gerçəkləri hər iki tərəf üçün acıdır. Yəni ümumi balans dəyişməyib. Əslinə qalsa, Rusiyanın ilk günlərlə kalonlarla və batalyon taktiki qruplarıyla savaşması Ukrayna tərəfindən partizan hərəkatına şərait yaradırdı. Indi isə klassik müharibə aparılsa, Ukraynanın şansları azalacaq, çünki Qərb indiyədək Kiyevə əsasən partizan savaşları üçün silahlar verirdi. Hələ ağır, uzaqvuran silahları son günlər verməyə başlayıblar. Odur ki, həmin silah və texnikaların gəlib çıxması və Ukrayna hərbçilərinin onlardan optimal istifadəni mənimsəməsi, bunun üçün daimi zərbə təhlükəsi altında olacaq təlim mərkəzlərinin qurulması, hərbi texnikaların müəyyən olunmuş ərazilərə daşınması və s. xeyli vaxt aparacaq. Bu baxımdan Qərbin Ukraynaya hərbi köməyinin müharibədə qısa müddətdə dönüş yaradacağına inanmıram”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.

Diaspora